Moskvada Heydər Əliyevin 100 illiyinə həsr olunan sərgi açılıb

 

Mayın 16-da Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev – 100. Lider. Dövr. İncəsənət” adlı sərginin açılışı keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Rusiyadakı səfirliyimizin birgə təşkil etdiyi sərginin ekspozisiyasında Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından əsərlər nümayiş olunur. Bu əsərlərin əksəriyyəti Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə rəssam və heykəltəraşlar tərəfindən ərsəyə gətirilib.

Sərgidə Heydər Əliyevin Azərbaycanın təsviri sənət ustaları ilə görüşlərini, bu sahənin inkişafına diqqət və qayğısını əks etdirən fotostend də nümayiş olunur.

Açılış mərasimində çıxış edən Milli İncəsənət Muzeyinin direktoru Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev sərgi haqqında məlumat verib. Bildirib ki, sərgilənən əsərlər  doğma ölkəsinin taleyi çiynində olan, güclü siyasi iradə və sarsılmaz inamla onu artıq bu gün həqiqətə çevrilmiş gələcəyə aparan dahi insanın dövrünə qərq olmağa imkan verir. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı tərəqqi yolu ilə inamla addımlayan müasir Azərbaycan Ulu öndərin həyat kredosunun təntənəsidir.

Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, iki ölkənin ictimaiyyət, və mədəniyyət xadimləri iştirak ediblər.