Azərbaycanın regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində səylərini yüksək qiymətləndiririk. Bu, Prezident İlham Əliyevin Azərbaycan və region üçün verdiyi dəyərli töhfədir. Azərbaycanın Türkiyədə baş verən zəlzələ zamanı göstərdiyi kömək də Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən yüksək dəyərləndirilir.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi xanım Njupuo Yap Mariatu bunu mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə deyib.

Njupuo Yap Mariatu həmçinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi əməliyyat-taktiki təlimdə fəxri qonaq qismində iştirak etməkdən məmnunluğunu bildirib.

Qonaq qeyd edib ki, Azərbaycan 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvü olaraq mülki müdafiə ilə bağlı məsələlərin təşviqi məqsədi daşıyan təşəbbüslərdə fəal iştirak edən ölkələrdən biridir və təşkilatın potensialının gücləndirilməsi proqramları çərçivəsində əməkdaşlığa töhfə verir. O, təşkilatın Baş Assambleyasının 2022-ci ildə keçirilmiş sessiyasında Azərbaycanın yenidən 4 il müddətinə İcraiyyə Şurasının üzvü seçilməsini məmnunluqla vurğulayıb.

Prezident İlham Əliyev Njupuo Yap Mariatunun Azərbaycana səfərinin ölkəmizin Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlığının genişlənməsi işinə töhfə verdiyini və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını qeyd edib.

Azərbaycan Prezidenti Vətən müharibəsi dövründə ermənilər tərəfindən mülki şəxslərimizə qarşı ballistik raketlərin atıldığını, dinc sakinlərimizin qətlə yetirildiyini, eyni zamanda energetika obyektlərimizə də hücumların olduğunu qeyd edib, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə söz açıb.

Dövlətimizin başçısı bu ilin fevralında zəlzələdən böyük zərər görmüş Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan tərəfindən 1000 evin tikintisi ilə bağlı məlumat verib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələri ilə sıx əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb, COVID-19 pandemiyası zamanı ölkəmizin Dünya Səhiyyə Təşkilatına göstərdiyi dəstəyin Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirak etməsinin daha bir nümunəsi olduğunu deyib.

Görüşün sonunda Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.