“Ting” nəşriyyatı tərəfindən növbəti dərs vəsaitləri çap olunub. Onların arasında ərəb dili üzrə 2-ci sinif dərs vəsaiti və iş dəftəri də var.

Yazıçı Çinarə Köçərlinin müəllifi olduğu vəsaitdə ərəb dilinin yazı və danışıq qaydaları, dilin nitq tərkibi barədə əlavə izahlar ilə geniş məlumatlar verilir. İllüstrativ nəşrlərdə hər dərs mövzusuna aid təsvir izahı da verilir.

Dil və onun leksik, qrammatik qayda-qanunlarını öyrədən kitab vasitəsilə uşaqlar ərəb şifahi və yazılı ədəbi nümunələri ilə də tanış olmaq imkanı qazanırlar. İzah üçün verilən mətn və şeir nümunələri də klassik və müasir ərəb ədəbiyyatından seçilmiş mətnlər əsasında təqdim olunur.

Qeyd edək ki, ötən il nəşriyyatda 1-ci siniflər üçün “Ərəb dili” dərs vəsaiti çap olunub, 3 və 4-cü siniflər üçün nəşr də nəzərdə tutulur.