Mayın 26-da Muzey Mərkəzinin sərgi qalereyasında rəssam Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılacaq.

Azərbaycan Xalq Cümhuriyyətinin 105, Türkiyə Cümhuriyyətinin 100 və Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan sərgidə rəssamın əsasən portret, natürmort, məişət və tarixi janrlarda 70-dək boyakarlıq və qrafika əsəri yer alacaq.

Nümayiş olunacaq əsərlər arasında 44 günlük Vətən müharibəsindəki Zəfərimizi, Azərbaycan-Türkiyə dostluğunu, həmçinin xalqımızın məişəti, adət-ənənələri və mədəniyyətini əks etdirən əl işləri də var.

Sərgi çərçivəsində rəssamın həyat və yaradıcılığını, ictimai və maarifçilik fəaliyyəti “Eldəniz Babayev. Zəfər müjdəsi” (müəllif Mirzə Talıbov) adlı kitab- kataloq da təqdim olunacaq.

“Zəfər müjdəsi” sərgisi Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Azərbaycanda Atatürk Mərkəzi, Muzey Mərkəzi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Rəssamlar İttifaqı, “Bakı” Rəsm Qalereyası, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzi və Xətai İncəsənət Mərkəzinin dəstəyi ilə keçiriləcək.

Qeyd edək ki, Eldəniz Babayev 1990-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Boyakarlıq fakültəsini bitirib. 1989-1991-ci illərdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində rəssam kimi fəaliyyət göstərib. 1998-2006-cı illərdə Bakı Şəhər Mədəniyyət İdarəsinin “Qala” rəsm qalereyasının müdiri vəzifəsində çalışıb. 2006-cı ildən “Bakı” Rəsm Qalereyasının müdiridir.