Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində mayın 16-da Ümummilli liderin 100 illik yubileyinə və 18 may – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Heydər Əliyev – həmişəyaşar lider” adlı dəyirmi masa keçirildi.

Elmi Bərpa Mərkəzinin direktoru Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova çıxış edərək ölkəmizdə və xaricdə Heydər Əliyevin yubileyi ilə bağlı keçirilən tədbirlərdən, Ulu öndərin muzey sahəsinə olan diqqətindən, bu sahədə aparılan islahat və yeniliklərdən söz açdı.

Sonra mərkəz tərəfindən hazırlanmış “Heydər Əliyev və muzeylərimiz” adlı videoçarx təqdim edildi.

Mərkəzin baş mühafizi Pakizə Almazova, Əməkdar mədəniyyət işçisi Məhəbbət Mehdiyeva çıxışlarında Ümummilli liderin xalqımızın mədəni irsinə olan diqqətini xüsusilə vurğuladılar. Məhəbbət Mehdiyeva Ulu öndərlə bağlı xatirələrini dilə gətirdi.

Tədbirə videoformatda qoşulan Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev hələ 1999-cu ildə, Heydər Əliyevin sağlığında adına yaradılan ilk muzeyin fəaliyyət istiqamətlərindən və qorunan eksponatlardan söz açdı.

Bakı şəhərində fəaliyyət göstərən ev-muzeylərin direktorları da Ümummilli liderlə bağlı xatirələrini bölüşdülər.

Sonda Heydər Əliyevin təşəbbüsü ilə yaradılan muzeylərin eksponatlarının MSXƏEBM-də bərpa edilmiş kolleksiyaları ilə bağlı “Bərpa olunmuş mədəni irsimiz” və “Əbədi lider” adlı təqdimatları nümayiş etdirildi.

Lalə