Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyasının dəstəyi, “Karvan” art qrupun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Qarabağ” adlı sərgi açılıb.

Mayın 17-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində açılan sərginin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurun Ermənistanın işğalı dövründə ermənilər tərəfindən dağıdılmış maddi və mədəni irsi, bu coğrafiyanın təbiət gözəlliklərini, tarix-memarlıq abidələrini və etnoqrafik xüsusiyyətlərini bəşər mədəniyyətinin qiymətli inciləri kimi ictimaiyyətin diqqətinə çatdırmaqdır. Sərginin kuratoru sənətşünas Xanım Rzayevadır.

Açılış mərasimində sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, millət vəkilləri Bəhruz Məhərrəmov və Ülviyyə Həmzəyeva layihənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Azərbaycanın bu bölgələrinə həsr olunmuş sənət əsərləri hər bir rəssamın dilbər guşəmizə öz baxışını ortaya qoyur.

Ekspozisiyada “Karvan” qrupuna üzv olan 13 rəssamın – Cavid Məmmədov (qrup rəhbəri), Əməkdar rəssam Ülviyyə Həmzəyeva, İntiqam Ağayev, Günel Ravilova, İlqar Tahiri, Məhərrəm Əli, Nigar Familsoy, Vüsalə Şərifova, Aynurə Mustafayeva, Ülvi Yadigarlı, Murad Zeynalov, Hüseyn Kəngərli və Rauf Şamilzadənin əsəri yer alıb.

Sərgi mayın 24-də başa çatacaq.

Lalə