Azərbaycan Turizm Bürosu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində 22-24 may tarixlərində keçirilən beynəlxalq “Riyad səyahət sərgisi”ndə (Riyadh Travel Fair – 2023) iştirak edir.

Dövlət Turizm Agentliyindən (DTA) bildirilib ki, sərgidəki milli stenddə Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi təmsil olunur. Sərgiyə ölkəmizdən 13 yerli turizm sənayesi nümayəndəsi qatılıb.

Stend ziyarətçilərinə Azərbaycanın tarixi, mədəni irsi, UNESCO-nun Dünya İrs Siyahısına salınmış məkanları, milli mətbəx nümunələri, ekoturizm, sağlamlıq, yay və qış turizmi imkanları haqqında ətraflı məlumat verilir.

Sərgi çərçivəsində digər iştirakçı ölkələri təmsil edən turizm şirkətləri ilə B2B formatlı görüşlər keçirilir. “Riyadh Travel Fair – 2023”də dünyanın 50-dən çox ölkəsi təmsil olunur.

Qeyd edək ki, son dövrlər Səudiyyə Ərəbistanından Azərbaycana gələn qonaqların sayında nəzərəçarpacaq artım müşahidə olunur. 2022-ci ildə Körfəz ölkələrindən Azərbaycana 185 mindən çox əcnəbi vətəndaş səfər edib ki, bunun da 52 faizi Səudiyyə Ərəbistanın payına düşüb.

Səudiyyə Ərəbistanının “Flynas” hava yolları şirkəti Bakı və Ər-Riyad arasında birbaşa reyslər həyata keçirir. Ötən ilin dekabr ayında Azərbaycan Turizm Bürosu ilə “Flynas” şirkəti arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandum imzalanıb.