İngilis dilində ədəbiyyat üzrə ən nüfuzlu təltif sayılan Beynəlxalq Buker Mükafatının (The International Booker Prize) 2023-cü il üzrə qalibi bolqarıstanlı yazıçı və şair Georgi Qospodinov olub. Onun ingilis dilinə tərcümə olunmuş “Zaman sığınacağı” romanı mükafata layiq görülüb.
Bu barədə Londonda keçirilən mərasimdə münsiflər heyətinin sədri, Mərakeş əsilli fransız yazıçısı Leyla Slimani bildirib.
Mükafatı alan 55 yaşlı yazıçı romanını “yaddaş və zaman” haqqında hekayə adlandırıb.
Buker Mükafatı (The Booker Prize) 1968-ci ildə “Buker-Makkonnel” (Booker, McConnel) qida şirkətinin dəstəyi ilə təsis edilib. İngilis dilində yazan müəlliflərə verilən mükafatın məbləği 50 min funt-sterlinqdir.
2005-ci ildə mükafata əlavə olaraq Beynəlxalq Buker Mükafatı da təsis edilib. Bu mükafat ingilis dilinə tərcümə olunmuş və Böyük Britaniyada çap edilmiş əsərlərə verilir. Onun da məbləği 50 min funt-sterlinqdir və müəllif ilə əsərin tərcüməçisi arasında bərabər bölünür.
Mövcud qaydalara görə, Georgi Qospodinov və onun romanını ingilis dilinə tərcümə etmiş amerikalı Angela Rodel hərəyə 25 min funt-sterlinq (31 min dollar) pul mükafatı alacaq.