Azərbaycan Rəssamlar İttifaqı, Rusiya Peşəkar Rəssamlar İttifaqı və Beynəlxalq Müasir İncəsənət Akademiyasının fəxri üzvü Nəcməddin Hüseynov Avropa Təbiət Elmləri Akademiyasının “Şərəf” medalına layiq görülüb.
1955-ci ildə Qazax rayonunun Çaylı kəndində dünyaya göz açan və hazırda həmin kənddə yaşayıb-yaradan N.Hüseynov 1977-1981-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.
Əsasən abstraksionizm və ekspressionizm üslublarında işləyən rəssamın “Qaçqınlar”, “Hücumdan sonra”, “Xocalı faciəsi”, “Həlledici an”, “Müharibəli Novruz”, “Savaşın sonu” və s. əsərlərində müstəqillik dövrünün təzadlı hadisələrinə münasibəti özünün obrazlı-assosiativ bədii həllini tapıb. Müəllifin “Külək”, “Bizim məhəllə”, “Ay işığı”, “Göyəzən”, “Çaylı”, “Noyabr” və s. əsərləri isə təbiətin və günün müxtəlif anlarının yaddaqalan, duyğulandırıcı bədii təsvirləridir.
Rəssamın Gəncədə, Qazaxda və Bakıda sərgiləri təşkil olunub, ümumilikdə 200-dən çox əl işi nümayiş etdirilib.
Avropa Təbiət Elmləri Akademiyası 2002-ci ildə Almaniyanın Hannover şəhərində yaradılıb. Avropa xalqlarının ümumi elm və mədəniyyətinin bir-birinə yaxınlaşdırılması və demokratik dəyərlərin təbliği ilə məşğuldur.