Xəbər verdiyimiz kimi, “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə teatr və musiqi kollektivlərinin regionlarda qastrol səfərləri təşkil edilir.
Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi türkiyəli müəllif Turqut Özakmanın "Adət" tamaşasını mayın 22-də Heydər Əliyev adına Xaçmaz Mədəniyyət Mərkəzində, 23-də Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində, 24-də Şabran rayon Mədəniyyət Mərkəzində və mayın 25-də isə Siyəzən rayon Mədəniyyət Mərkəzində nümayiş etdirib.
Əsər iki ailə arasında uzun illər baş verən qan davasının törətdiyi amansız hadisələrin acı nəticəsindən və bu qanlı intiqam hissindən qurtula bilməyən insanları necə bir aqibət gözlədiyindən bəhs edir. Tamaşa böyük maraqla qarşılanıb.
Səhnə əsərinin quruluşçu rejissoru Xəzər Gəncəli, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur. Rolları Bağır Əhmədov, Bədəl Bədəlov, Elnur Hacıyev, Lalə Qurbanova, Emma Xeyirbəyova, Kəmalə Səfərova, Yeganə Kərimova, Sədaqət Əlimuradova, Şəküfə Mirzəağayeva, Rəhilə Hacıyeva, Diana Cəfərova ifa ediblər.