Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 28 May – Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib.

Kitabxananın direktoru Aslan Cəfərov xalqımızın istiqlal arzusunun nümunəsi olan ilk respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, 23 aylıq fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, Cümhuriyyətin ömrü qısa olsa da, dövlətçilik tariximizdə silinməz izlər qoyub.

Digər çıxışlarda da Cümhuriyyət dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Sonra kitabxana əməkdaşları tərəfindən hazırlanan Müstəqillik Gününə həsr edilən videomaterial və virtual kitab sərgisi nümayiş olunub. Videoçarxda Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Xalq Cümhuriyyəti və onun qurucuları haqqında fikirlərinin yer aldığı məqamlar əks olunub.

Virtual kitab sərgisində 20-dən çox kitabın, dövri mətbuat nümunələrinin biblioqrafik təsviri təqdim edilib.

Məlumat bülletenində isə Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu, İstiqlal Bəyannaməsi, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, dövlət sərhədləri, rəmzləri və atributları haqqında məlumat və son 10 ildə Cümhuriyyətə dair çap olunmuş Azərbaycan, rus və ingilis dillərində kitabların biblioqrafik təsviri verilib.

Kitabxanada “28 May – Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisi də açılıb. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edən kitablar, dövri mətbuat materialları nümayiş olunur.