Prezident İlham Əliyev mayın 27-də Laçın rayonunda yaşayış məntəqələrinin yenidən qurulması, infrastruktur və aqrar-sənaye layihələrinin icrası ilə tanış olub, təməlqoyma və açılış mərasimlərində iştirak edib

Dövlət başçısı rayonun Qorçu qəsəbəsinin təməlini qoyub.

Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov qəsəbədə görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, Laçın rayonunun şimal-qərbində dağlıq ərazidə, Şəlvə çayının sol qolu olan Qorçu çayının sahilində yerləşən eyniadlı qəsəbə rayon mərkəzindən 64 kilometr, Bakı şəhərindən isə 475 kilometr məsafədədir.

Qorçu qəsəbəsi Laçın rayonunu Ağalaruşağı, Oğuldərə, Zağaltı, Qarabəyli, Korcabulaq, Lolabağırlı kəndləri ilə birlikdə layihələndirilir. Ümumi sahəsi 300 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə salınacaq ərazinin sahəsi 142,54 hektar təşkil edir. Qorçu qəsəbəsinə birinci mərhələdə köçürüləcək əhalinin yaşayışını təmin etmək məqsədilə birmərtəbəli 366 fərdi evin tikintisi nəzərdə tutulur. Bir fərdi evin həyətyanı sahəsi 700 kvadratmetr olacaq. Ərazinin kəskin relyefli olduğunu nəzərə alaraq, perspektivdə Qorçu qəsəbəsinin inkişaf dövrü üçün dördmərtəbəli 39 yaşayış binasından ibarət məhəllələrin salınması planlaşdırılıb.

***

Prezident Laçın rayonunun Şəlvə kəndinin təməlqoyma mərasimində də iştirak edib.

Məlumat verilib ki, rayonun şimalında, Şəlvə çayının sahilində, dəniz səviyyəsindən 1540 metr yüksəklikdə yerləşən Şəlvə kəndindən Laçın şəhərinə qədər məsafə 55 kilometrdir. Yenidən qurulacaq yaşayış məntəqəsinin tərkibinə yaxınlıqda yerləşən İmanlar kəndi də daxil ediləcək.

Layihələndirilən ərazinin ümumi sahəsi 128 hektardır. Ərazidə 445 fərdi evin inşası nəzərdə tutulub. Birinci mərhələdə 130 fərdi ev tikiləcək. Bundan başqa, kənd ərazisində inzibati bina, mədəniyyət evi, 264 şagird yerlik məktəb, 60 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi, bazar kompleksi və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. İşğaldan əvvəl fəaliyyət göstərən və məcburi köçkünlük dövründə fəaliyyətini davam etdirən Şəlvə kənd musiqi məktəbi də yenidən tikiləcək.

Kəndin ümumi konsepsiyası ərazinin coğrafi şəraiti, relyefi, tarixi quruluşu nəzərə alınaraq, müasir təcrübəyə uyğun orqanik layihələndirmə prinsipləri əsasında işlənilib. Yamacda yerləşən ərazilər əsasən evlərdən ibarət məhəllələr üçün nəzərdə tutulub və relyefə uyğun dolama küçələrlə əlaqələndirilib. Müəyyən yerlərdə məhəllə meydanları layihələndirilib. Kənd ərazisində yerləşən və orta əsrlərə aid olan tarixi məbədin konservasiyası da nəzərdə tutulur. Bundan başqa, kəndin yerləşdiyi ərazinin səfalı və gözəl, bu səbəbdən turizm üçün əlverişli olmasını nəzərə alaraq, gələcəkdə burada Şəlvə çayının sahilində qonaq evinin və kotteclərin tikilməsi planlaşdırılır.

***

Prezident İlham Əliyev mayın 27-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Laçın” şəhər yarımstansiyasının açılışında iştirak edib.

Məlumat verilib ki, Laçının cənub girişində tikilən 110/35/10 kV-luq yarımstansiya şəhərin və ətraf kəndlərin Azərbaycanın ümumi enerji sisteminə qoşulmasını təmin edəcək. Paralel olaraq, Laçın şəhərinə “Qubadlı” yarımstansiyasından başlayaraq və “Güləbird” Su Elektrik Stansiyasından keçməklə ümumilikdə 40 kilometr məsafədə 110 kV-luq ötürmə xətti çəkilib.

***

Dövlət başçısı Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub.

“Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov görülən işlər barədə məlumat verib. Bildirilib ki, Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib.

Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. İyun ayından keramik məhsullar fabriki fəaliyyətə başlayacaq.

***

Prezident İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə də tanış olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kənddə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib. Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilməsi nəzərdə tutulub.