Xalq şairi Hökumə Billurinin (1926-2000) əsərlərindən seçmələr “Xalq Əmanəti” layihəsində nəşr olunub.

Şairin “Seçilmiş əsərləri” kitabı mayın 26-da Bakıda “Xalq Bank”ın binasında təqdim olunub. Bu, “Xalq Əmanəti” layihəsində sayca 23-cü nəşrdir.

Çıxış edənlər nəşri nəşri yüksək qiymətləndirib, “Xalq Əmanəti” layihəsinin milli irsin qorunmasında rolundan danışıblar.

Kitabda Hökumə Billurinin poetik yaradıcılığı və ömür yoluna işıq salınır, oxuculara şairin demək olar bütün şeirlərini bir araya gətirən toplu təqdim edilir.

Hökumə Billuri 1926-cı il martın 3-də Cənubi Azərbaycanda Zəncan şəhərində anadan olub. 1933-1943-cü illərdə “Azəri” qızlar məktəbində orta təhsil alıb və məktəbi bitirdikdən sonra həmin məktəbdə müəllimlik edib. İctimai-siyasi fəaliyyətə xanım Billuri İkinci Dünya müharibəsi illərində, sovet ordusu Cənubi Azərbaycanda olduğu dövrdə başlayıb. Azərbaycan Demokrat Partiyası Zəncan Vilayət Komitəsinin təbliğat şöbəsi müdirinin müavini, mədəniyyət evi kitabxanasının müdiri vəzifələrində çalışıb.

1946-cı il dekabrın 12-də Azərbaycan Milli Hökuməti xarici imperializmin birbaşa siyasi, maddi və hərbi dəstəyi ilə İran şahlıq rejimi tərəfindən devrilir, sovet qoşunları Cənubi Azərbaycandan çıxarılır, milli qüvvələrin minlərlə nümayəndəsi güllələnir, dar ağacına çəkilir, 100 mindən çox adam sürgünə göndərilir, mütərəqqi və demokratik ruhlu insanlar amansız təqiblər üzündən mühacirət etməli olur. Onların sırasında Bakıya üz tutan 20 yaşlı gənc Billuri də vardı.

O, 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. “İran Azərbaycanının realist-demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. Bir müddət “Azərnəşr”də ədəbi-bədii şöbənin redaktoru olub. 1964-cü ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi kimi fəaliyyət göstərib.

Billurinin ilk şeir və məqalələri 1945-ci ildə “Azər” və “Vətən yolunda” qəzetlərində, həmçinin “Azərbaycan” jurnalında, sonrakı illərdə isə şeir və poemaları ədəbi dövri mətbuatda mütəmadi şəkildə dərc olunub.

“Mənim arzum” (1949), “Ölməz qəhrəman” (1950), “Həyat yollarında” (1951), “Mübarizə illərində” (1954), “Şeirlər”, (1954), “Şairin yadigarı” (1957), “Səhər günəşi” (1964), “Səndən uzaqlarda” (1961), “İstərəm”, “Şeirlər” (1966), “Necə unudum?” (1974), “Çinar gözləyir məni” (1976), “Apar məni o yerlərə” (1981), “Bir də bahar gəlsə” (1984), “Seçilmiş əsərləri” (1986), “Dünya belə dünyadır” (1989), “Nə qəribə dünya imiş” (1997), “Seçilmiş əsərləri” (2005) şeir kitabları nəşr olunub. “1940-1960: İran Azərbaycanında realist-demokratik poeziya” (1972) və “Məhəmmədhüseyn Şəhriyar” (1984) monoqrafiyalarının müəllifidir. Şeirləri Yunna Morits və Rimma Kazakovanın tərcüməsində Moskvada nəşr edilib.

Hökumə Billuri həm də tərcüməçilik fəaliyyəti ilə məşğul olub. Məhəmmdəhüseyn Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirvarid Dilbazi və Nəbi Xəzrinin şeirlərini fars dilinə çevirib.

1984-cü ildə “Əməkdar incəsənət xadimi”, “1998-ci ildə Xalq şairi” fəxri adlarına layiq görülüb.

Hökumə Billuri tanınmış şərqşünas Məmmədbağır Qəmbəri ilə ailə qurub. Bu nikahdan Elnaz və Cahangir adlı iki övladı dünyaya gəlib.

22 noyabr 2000-ci ildə Bakıda vəfat edib. Məzarı II Fəxri xiyabandadır.

***

“Xalq Əmanəti” layihəsi ASC “Xalq Bank”ı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqları, dünyanın böyük muzeyləri, kitabxanaları, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.