Azərbaycanla Monqolustan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Nəzərə alsaq ki, Monqolustan həm də qədim türk dövlətlərinin qurulduğu məkan olub, bu ölkə, Azərbaycan da daxil olmaqla, Türk dünyasının hər zaman maraq dairəsindədir. Hazırda Azərbaycanın Monqolustanda diplomatik akkreditasiyasını Çindəki səfirliyi, Monqolustan isə Azərbaycandakı akkreditasiyasını Türkiyədəki səfirliyi vasitəsilə həyata keçirir. Səfir Qombosuren Munxbayar ilə müsahibəmizdə müxtəlif mövzulara toxunduq.
– Siz keçən il etimadnamənizi Bakıda Azərbaycan Prezidentinə təqdim etmisiniz. Ölkəmiz və onun insanları haqqında təəssüratlarınız necədir?
– Qeyd etdiyiniz kimi, ötən ilin avqustunda etimadnaməmi Prezident İlham Əliyevə təqdim etdim və bu, gözəl Bakıya ilk səfərim idi. Mən 1989-cu ildə indiki Yekaterinburqda Ural Dövlət Texniki İnstitutunu (RF) bitirmişəm. Bakıda təhsil alan dostlarımdan bəziləri məni dəvət etsələr də, o vaxt bu şəhəri ziyarət etmək imkanım olmadı. Buna baxmayaraq, bilirəm ki, Azərbaycan zəngin və maraqlı tarixə malik, mehriban və qonaqpərvər insanları olan çox gözəl ölkədir. Coğrafi uzaqlığa baxmayaraq, azərbaycanlılar həmvətənlərim tərəfindən yaxından qəbul edilir. Azərbaycan bizdə ilk növbədə, keçmiş Sovet İttifaqında tanınan opera müğənnisi Müslüm Maqomayevlə və tükənməz neft-qaz ehtiyatları ilə tanınır. Bir çox Monqolustan vətəndaşı hələ də xatırlayır ki, sovet filmi “Brilyant əl”in məşhur səhnəsi Bakıda lentə alınıb. Bakı gözəl və rəngarəng şəhərdir, eyni zamanda müasir və qədim şəhərin görünüşünü özündə cəmləşdirir. Çox şadam ki, Azərbaycan kimi qəlbimə yaxın bir ölkədə fövqəladə və səlahiyyətli səfir kimi fəaliyyət göstərirəm.
– Sovet dövründə iki ölkə arasında xüsusilə təhsil və iqtisadiyyat sahələrində güclü əlaqələr olub. Hazırda əlaqələri necə qiymətləndirirsiniz?
– Azərbaycan və Monqolustanı qədim tarixi-mədəni əlaqələr, eləcə də Sovet İttifaqı illərindəki mədəniyyət və təhsil sahələrində əməkdaşlığın xoş xatirələri birləşdirir. Məsələn, 1971-ci ildə Monqolustan Xalq İnqilabının qələbəsinin 50 illiyinin qeyd edilməsi zamanı ilk dəfə Bakıda Monqolustan mədəniyyəti günləri keçirilmişdi. Azərbaycan ərazisində Çingiz xan və onun nəvəsi Hülakü xanın dövründən monqol imperiyalarının mədəni irsinə aid bəzi faktlar qorunub saxlanılıb. Həmçinin Azərbaycan dilində bəzi sözlər monqol dili ilə eynidir. Bütün bunlar o deməkdir ki, iki ölkə arasında mədəniyyət və elm sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial var. 1950-ci illərdən o vaxtkı Azərbaycan Neft və Kimya İnstitutunda (indiki ADNSU) monqol tələbələr təhsil almağa başlayıb və o zamandan indiyədək 50-dən çox gənc mütəxəssis Azərbaycanın ali məktəblərini bitirib. 1970-80-ci illərdə Monqolustanda işləmiş sovet mütəxəssisləri arasında azərbaycanlılar da (əsasən kimya mühəndisləri) olub. İki ölkənin elmlər akademiyalarının tarix, arxeologiya və etnoqrafiya sahələri üzrə işgüzar əməkdaşlıq cəhdləri var.
2022-ci ildə paytaxt Ulan-Batorda açılan Çingiz Xan Muzeyinə Azərbaycan Milli Tarix Muzeyində qorunan XIII əsrə aid “deel” milli monqol geyiminin replikasını təqdim etdiyinə görə muzeyinizin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bu gün hər iki tərəf Azərbaycanın ali məktəblərində monqol tələbələrin təhsili ilə bağlı keçmişdəki ənənəni bərpa edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan iki monqol tələbəyə dövlət qrantları ayırdığına görə Azərbaycan tərəfinə minnətdarıq.
Son illər Monqolustan-Azərbaycan əlaqələri xüsusilə Monqolustan Prezidentinin 2018-ci ildə Azərbaycana səfərindən sonra intensivləşib. İlk Monqolustan-Azərbaycan biznes forumu 2018-ci ildə Ulan-Batorda keçirilib və daha sonra tərəflər 2021-ci ildə ticarət-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıblar. Üstəlik, ilk dəfə nazir müavinləri səviyyəsində xarici işlər nazirliklərinin siyasi məşvərəti keçirilib. Tərəflər hava nəqliyyatı və enerji sektorlarında əməkdaşlığa dair hökumətlərarası saziş layihələri üzərində səylə işləyirlər. Ümid edirik ki, bütün bu addımlar, ikitərəfli münasibətlərin inkişafına təkan olacaq.
– Yeri gəlmişkən, Monqolustanda sovet dövründən azərbaycanlı ailələr yaşayır. Ulan-Batorda Azərbaycan diasporunun durumu necədir? Tərəflər viza rejiminin sadələşdirilməsi üçün nə tədbirlər görür?
– Öncə qeyd etdiyim kimi, Monqolustanda işləyən sovet mütəxəssisləri arasında azərbaycanlılar da az deyildi. Amma o dövrlərlə müqayisədə indi azərbaycanlılar sayca çox deyil. Qarşılıqlı turizmi inkişaf etdirmək məqsədilə Monqolustan tərəfi iki ölkənin sadə vətəndaşları üçün vizasız rejim ideyasını dəstəkləyir. 2018-ci ildə imzalanan diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizasız rejimin tətbiqinə dair hökumətlərarası saziş ümumilikdə vizasız rejimin sadələşdirilməsi üzrə danışıqların başlanğıcı rolunu oynayır. Bundan başqa, hökumətimiz 2023-2025-ci illəri “Monqolustana səfər illəri” elan edərək ölkəmizə turist axınını artırmaq üçün konkret addımlar atır.
– Yaxın gələcəkdə Ulan-Batorda və Bakıda qarşılıqlı olaraq səfirlik açılması mümkündürmü?
– İkitərəfli əməkdaşlıq inkişaf etdikcə qarşılıqlı diplomatik nümayəndəliklərin açılması məsələsi aktuallaşır. Şübhə etmirəm ki, yaxın illərdə tərəflər qarşılıqlı olaraq ölkələrimizin paytaxtlarında səfirlik aça bilərlər. Səfirliklərin açılması isə ikitərəfli əlaqələri genişləndirəcək, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensialı ortaya qoyacaq.
– Cənab səfir, bildiyiniz kimi, Azərbaycan əraziləri otuzillik işğaldan sonra 2020-ci ildə azad edilib. Monqolustan tərəfinin bu məsələdə mövqeyi necədir?
– Monqolustanın xarici siyasəti açıqlıq, çoxtərəflilik və sülhpərvərlik prinsiplərinə əsaslanır. Biz qəti şəkildə inanırıq ki, davamlı sülhə nail olmağın yeganə yolu birbaşa dialoq və diplomatiyadan keçir. Münaqişənin eskalasiyası zamanı biz dəfələrlə tərəflərə hərbi əməliyyatları dayandırmaq və danışıqlar masası arxasına əyləşmək üçün çağırış etmişik. Eyni zamanda tərəfimizdən dəfələrlə BMT Təhlükəsizlik Şurasının “Dağlıq Qarabağ Münaqişəsinə Dair” Qətnamələrinə əməl olunmasının vacibliyi vurğulanıb. Çox ümid edirik ki, tərəflər yaxın gələcəkdə sülhə nail ola biləcəklər və bu da bütövlükdə Cənubi Qafqaz regionunun rifahına fayda verəcək.
– Monqolustanda qədim türk dövləti Göytürk abidələrinin mühafizəsi istiqamətində hansı tədbirlər həyata keçirilir? Bu istiqamətdə TİKA ilə əməkdaşlıq edirsinizmi?
– Müasir Monqolustan ərazisində protomonqol köçəri tayfalarının yaratdığı dövlətlərin mədəni irsinə aid çoxlu abidələr qorunub saxlanılıb ki, bunlardan biri də qurucusu Bilgə Xaqan olan Göytürk Xaqanlığı kimi tanınan qədim türk dövlətidir. Bu dövlətin paytaxtı Otuken olub, rus dilində ‘‘müqəddəs paytaxt" mənasını verir. O ərazidə hazırda türklər kimi tanınan o zamankı “Türeq” soyunun protomonqol tayfaları yaşayıb, sözügedən bölgədə də Monqolustanın mərkəzi hissəsində, Orxon çayının sahilində yerləşib. Bilgə Xaqan və onun kiçik qardaşı, sərkərdə Kültiginin dəfn kompleksləri, dövlət xadimi Tonyukukun abidələri və qədim türk dövlətinin digər mədəni irsi dövlət himayəsindədir. Monqolustan hökuməti bu mədəniyyət və abidə yerləri üçün nəinki xüsusi mühafizə zonası yaradıb, həm də köçərilərin mədəni irsinin qorunub saxlanılması istiqamətində konkret addımlar atır. Məsələn, Monqolustan Türkiyə ilə birlikdə Orxon çayı vadisinin tarixi yerlərini və mədəniyyət abidələrini UNESCO-nun Dünya İrsi Siyahısına daxil edib. Monqolustan hökuməti bu irsi qorumaq üçün Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi – TİKA ilə sıx əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində qədim türk dövlətinin bu mədəniyyət məkanlarında muzeylər tikilir. Bilgə Xaqan və Kültigin məzarlıq komplekslərinin yerində ilk muzey 2010-cu ildə inşa olunub. Hazırda Tonyukuk abidəsinin yerində ikinci muzey tikilir. TİKA ilə birgə həyata keçirilən layihə çərçivəsində arxeoloq və ekspertlərdən ibarət birgə qrup Bilgə Xaqanın dəfn kompleksində qazıntı işləri aparıb, aşkar olunan tapıntıları, o cümlədən Bilgə Xaqanın qızıl tacını da bərpa edib. Bütün bu muzey eksponatları hazırda 2021-ci ildə tikilmiş Çingiz Xan Muzeyində yaradılmış “Türk mədəniyyəti” zalındadır. Yəni TİKA qədim türk mədəni irsinin qorunub saxlanılmasına mühüm töhfə verir. Onu da deyim ki, bizim Türkiyə və Türk dünyası ilə dərin tarixi bağlarımız var. Bu səbəbdəndir ki, Türkiyə bu ilin fevral ayında “əsrin fəlakəti” adlanan dağıdıcı zəlzələyə məruz qaldıqda Monqolustan ilk yardım əlini uzadan ölkələrdən olub. Monqolustan hökuməti tərəfindən göndərilən xilasedici heyətlə yanaşı, İstanbuldakı monqol diasporu, gənclərimiz də yaxından iştirak edib. Səfirliyimizin həyətində gördüyünüz ənənəvi monqol yurd çadırından 200-ü fəlakətin baş verdiyi bölgələrə çatdırılıb.
– Monqolustanın xarici işlər naziri xanım Batmunkh Battsetseq mart ayında Türkiyədə səfərdə olub. Həmin səfər əsnasında Türkiyədə səslənən fikirlərdə Monqolustanın Türk dünyası ölkələrindən biri hesab edildiyi vurğulandı. Monqolustan gələcəkdə Türk Dövlətləri Təşkilatına daxil olmağı planlaşdırırmı?
– Xarici siyasətin prioritet istiqamətləri təkcə coğrafi qonşularımızla deyil, həm də “üçüncü qonşularımız”la dostluq münasibətlərinin inkişafıdır. “Üçüncü qonşu”nun siyasəti Türkiyə də daxil olmaqla, nüfuzlu tərəfdaş oyunçularla siyasət, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində ikitərəfli və ya çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Monqolustanın tarix, mədəniyyət və adət-ənənə baxımından Türkiyə və Türk dünyası ilə çox oxşar cəhətləri var. Biz bu təşkilatın inkişafını diqqətlə izləyirik. Hazırda biz Türk dünyasının müstəqil təşkilatları ilə, məsələn, Beynəlxalq Türk Akademiyası, TÜRKPA və s. ilə əməkdaşlığa başlamışıq.
Mehparə Sultanova
Ankara