7-30 iyun tarixlərində İndoneziyanın Nusantara şəhərində V Beynəlxalq İncəsənət və Memarlıq Sərgisi keçiriləcək.

Bu il səyahət mövzusuna həsr edilən sərgidə Türkiyə, Braziliya, Almaniya, Çexiya, Kuba, Belçika, Argentina, Hindistan, Rusiya, İngiltərə, Fransa – ümumilikdə 37 ölkədən 225 rəssamın əsərləri nümayiş olunacaq.
Ölkəmiz tanınmış rəssam Soltan Soltanlının iki əsəri ilə sərgidə təmsil olunacaq.

Soltan Soltanlı əsərləri ilə insan həyatının ekzistensial suallarını və sosial davranışı araşdırır. O, sevgi, əmək, itki və insan münasibətləri kimi mövzulara istinad edir və rəsmlərinə özəl detallarla zəngin olan həyat anlayışını açıqlayan, başlıca niyyətini anladan adlar verir.
Azərbaycanda və İranda fərdi sərgiləri keçirilən rəssamın əsərləri Türkiyə, Misir, Polşa, İspaniya, İtaliya, Kanada, Malayziya, Serbiya, Xorvatiya, Portuqaliya, Yaponiya, Koreya, Çin, Bolqarıstan, Yunanıstan və digər ölkələrdə nümayiş olunub, kataloqlara salınıb.