Mayın 30-da “TikTok” platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov, dövlət qurumları ilə iş üzrə meneceri Dmitri Pylev, platforma üzərindəki canlı yayımların Orta və Şərqi Avropa üzrə direktoru Veqa Sonq, həmçinin “TikTok”un Azərbaycan üzrə əlaqələndiricisi Emin Axundov Mətbuat Şurasında olub.

MŞ İdarə Heyətinin üzvləri Yadigar Məmmədli, Aqil Ələsgər və şuranın Katibliyinin əməkdaşlarının qatıldıqları görüşdə qonaqlar “TikTok”un Azərbaycan seqmentindəki istifadəçilərin sayının artdığını bildiriblər. Qeyd olunub ki, platformanın ayrı-ayrı cəmiyyətlərə faydalı nəticələr verməsi istiqamətində təkmilləşdirmə işləri aparılır. Azərbaycana səfərin məqsədi əməkdaşlıq təkliflərini dəyərləndirməkdən ibarətdir.

Görüşdə ölkəmizin müxtəlif dövlət qurumları ilə işbirliyinin səmərəsindən söz açan qonaqlar, həmçinin medianın, ayrı-ayrı jurnalistlərin “TikTok” üzərindən yayım həyata keçirmələri, paylaşılan kontentlərin keyfiyyəti məsələsinə toxunublar.

MŞ İdarə Heyətinin üzvləri də çıxışlarında qarşılıqlı əməkdaşlığın müxtəlif aspektlərindən danışıblar.

Söhbət zamanı jurnalist yaradıcılığının ictimai faydaları üzərində dayanaraq bu peşə sahiblərinin adıçəkilən platformadakı aktivliklərinin cəmiyyətin yanlış yönləndirilməsi meyilləri ilə mübarizədəki rolundan söz açılıb. Bu xüsusda “TikTok” tərəfindən azərbaycanlı jurnalistlər üçün seminarların təşkili məsələsi də gilə gətirilib.