Polad Bülbüloğlunun təşəbbüsü ilə Moskvada sərgi açılıb

 

Moskvada diplomatik korpusun duayeni (bir ölkədə ən uzun müddət akkreditasiyası olan diplomat – red.), Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü, Rusiya Xarici İşlər Nazirliyi Dövlət protokolu departamentinin və Moskva Müasir İncəsənət Muzeyinin təşkilatçılığı ilə “Dünyanın rəngləri” adlı yaradıcılıq sərgisi açılıb.

Ekspozisiyada Moskvada fəaliyyət göstərən 16 səfirliyin əməkdaşlarının 150 əl işi nümayiş etdirilir. Diplomatlar rəngkarlıq, qrafika, art-obyekt və digər janrlarda müxtəlif mövzulara həsr olunmuş əl işlərini təqdim ediblər.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko sərginin açılış mərasimində çıxış edərək bildirib ki, bir-biri ilə sıx bağlı olan diplomatiya və incəsənət müxtəlif ölkələrin nümayəndələri arasında qarşılıqlı anlaşma və etimadın yaranmasında mühüm rol oynayır: “Bəzən bədii əsərlər sözlə deyilməsi mümkün olmayan həqiqətləri çatdırır. Həm qələm, həm də fırça ustası olan diplomatlar isə bunu daha inandırıcı edə bilirlər”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, müasir mürəkkəb dünyada diplomatların həm də yaradıcılıqla məşğul olması sevindirici haldır. O, sərginin təşkilində yardıma görə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Vasili Sereteliyə təşəkkür edib: “Düşünürəm ki, bu sərgi yaradıcılığı nümayiş olunan hər bir diplomat üçün Rusiya paytaxtındakı fəaliyyəti dövründən xoş xatirə kimi qalacaq. Çünki yaradıcılıq həvəsi heç zaman sönmür”.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Vasili Sereteli incəsənətin ölkələr və xalqlar arasında birləşdirici rolundan danışıblar.