Diplomatların xanımları üçün...

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il may ayında dünyada “Türk mətbəxi həftəsi” keçirilir.

Bu il 21-27 may tarixlərində gerçəkləşən “Türk mətbəxi həftəsi” çərçivəsində Türkiyənin Azərbaycandakı Səfirliyində də tədbir təşkil olunub.

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcının xanımı Leyla Bağcının ev sahibliyi ilə təşkil olunan tədbirə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərlərinin xanımları qatılıblar. Qonaqlara Türkiyənin Hatay bölgəsinin ləziz mətbəx nümunələri təqdim olunub.

Leyla Bağcı Hatayın tarixi, mədəniyyəti və ənənəvi yemək mədəniyyəti haqqında məlumat verib. Bu il fevralın 6-da Türkiyədə baş verən zəlzələ fəlakətində Hatay bölgəsinin də böyük dağıntılara məruz qaldığını deyən L.Bağcı ölkənin bu çətin günləri ən qısa zamanda geridə qoyacağına əminliyini ifadə edib.