Xəbər verildiyi kimi, 27 may – 4 iyun tarixlərində İçərişəhərdə Milli Kitab Sərgisi keçirilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə gerçəkləşən sərgidə bir çox müstəqil nəşriyyatlar iştirak edir. Kitab bayramında müxtəlif təqdimatlar, yerli və xarici yazarlarla görüşlər, imza günləri, panel müzakirələr, poeziya axşamları təşkil edilir, minlərlə kitab 70 faizədək endirimlə oxuculara təqdim olunur.
Mayın 30-da Bakı Fotoqrafiya Evində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə “Gəlin, birgə oxuyaq!” adlı tədbir keçirilib.
UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva layihə barədə məlumat verib.
“Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva Anarın yaradıcılıq yolu və ictimai fəaliyyətindən söz açıb. Sonra o, Anarın “Unudulmaz görüşlər”, “Səhər-səhər: esselər, publisistik yazılar” və s. kitablarını UNEC-in Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə edib.
Sonda UNEC Yaradıcılıq Mərkəzində bədii qiraət dərnəyinin üzvü, II kurs tələbəsi Nihat İskəndərli Anarın “Asqılıqda işləyən qadının söhbəti”, “Sayların sərgüzəşti” hekayələrini qiraət edib.
Həftəsonunadək İçərişəhərdə davam edəcək kitab sərgisində müxtəlif nəşriyyatların çap nümunələri yer alıb. “Ting” nəşriyyatı tərəfindən sərgidə uşaqlar üçün 40-dan çox kitab təklif olunur. Oxucular “Ting”in son aylar işıq üzü görən kitablarını nəşriyyatın direktoru, uşaq yazarı Çinarə Köçərlinin imzası ilə də əldə edə bilərlər. İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə nəşriyyat tərəfindən 8 müxtəlif növ boyama kitabçası sərgiyə gələn balacalara hədiyyə edilib. Ç.Köçərli uşaqlara kitablarından hekayələr oxuyub, viktorina təşkil edib. Fərqlənən uşaqlara hədiyyələr verilib.
Sərgidə nəşriyyatlarla yanaşı sənətkarlar da öz əl işlərini ziyarətçilərə təqdim edirlər.
Nurəddin