Əməkdar rəssam Rafael Muradovun 80 illik yubileyi qeyd olunub

 

Paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsindəki Ruhulla Axundov adına Mədəniyyət evində Əməkdar rəssam Rafael Muradovun 80 illik yubileyinə həsr olunmuş “Abşeron palitrası” adlı tədbir keçirilib.

Mayın 27-də gerçəkləşən tədbirin qonaqları əvvəlcə rəssamın əsərlərindən ibarət sərgiyə baxıblar. Sənətkarın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Xalq rəssamları Arif Əziz, Aydın Rəcəbov, Əməkdar rəssamlar Məmmədhüseyn Hüseynov, Vüqar Əli, ilahiyyatçı alim Soltan Əlizadə, Yazıçılar Birliyi Xəzər bölməsinin sədri, şair-tədqiqatçı Arif Buzovnalı, rəssam Vüqar Muradov yubilyarın sənət dünyasından söz açıblar.

Diqqətə çatdırılıb ki, Rafael Muradov ömrünün 50 ildən çoxunu sənətə həsr edib, eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olaraq yeni nəsil rəssamların yetişməsinə öz töhfəsini verib. Öz dövrünün güzgüsü olmağa çalışan rəssamın “Tariximiz”, “Etiraz”, “Qara Yanvar”, “Qaçqınlar”, “İmperiyanın süqutu”, “Qaçqın harayı”, “Faciə” və “Uçurum” kimi əsərlərində reallıqdan fəlsəfi ümumiləşdirməyə qədər uzanan, tarixi faktlara söykənən elə həqiqətlər var ki, onlara inanmamaq çətindir. Həm rəng həllinin yaratdığı təzadlı ovqat, həm də istifadə etdiyi rəmzi detallar və obrazlar tamaşaçıya bəlalarımızın dərinliyini, köklərini duymağa, eləcə də bizə düşünüb-daşınmağa imkan yaradır. Bütün “abşeronçular” kimi Rafael Muradovun da seçdiyi təsvir motivləri zahiri sadəliyinə baxmayaraq fəlsəfi tutumludur. Hər tablosu təkcə zamanına görə yox, həm də məna və məzmun yükünə görə müasir və gələcək ünvanlıdır.

Çıxışlardan sonra yubilyara Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəxri fərmanı təqdim olunub. Mədəniyyət evinin musiqi kollektivləri konsert proqramı ilə çıxış edib.

Lalə