BMT-nin Dünya Turizm Təşkilatının Avropa Komissiyasının Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 68-ci iclasında (31 may – 2 iyun) Azərbaycan təşkilatın İcraiyyə Şurasının üzvü seçilib.
Avropa regionu üzrə növbəti müddət üçün 5 vakant yerə Azərbaycan da daxil olmaqla 11 ölkə namizədliyini irəli sürüb. Səsvermə nəticəsində Azərbaycan və Avropa İttifaqının 4 ölkəsi – Litva, Çexiya, İtaliya, Bolqarıstan İcraiyyə Şurasında növbəti 4 il müddətinə təmsilçilik hüququ qazanıb.
İclasda çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Azərbaycanın namizədliyini dəstəkləyən bütün ölkələrə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan 2001-ci ildə Dünya Turizm Təşkilatının tamhüquqlu üzvü olmasından etibarən üzv dövlətlərlə uğurlu tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini genişləndirib və gələcək fəaliyyətində də İcraiyyə Şurasının işinin səmərəliliyinə töhfə verəcək. DTA sədri qlobal turizmin gələcəyinin zəruri tədbirlərin birgə həyata keçirilməsindən asılı olduğunu diqqətə çatdırıb.
İclasda Azərbaycanın İspaniya Krallığı və Andorra Knyazlığındakı səfiri, eyni zamanda Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov və ölkəmizin Bolqarıstandakı səfiri Hüseyn Hüseynov da iştirak ediblər.
Qeyd edək ki, Dünya Turizm Təşkilatı İcraiyyə Şurasına üzvlər 4 il müddətinə seçilir. İki ildən bir üzvlərin yarısı yenilənir. Təşkilatın mənzil-qərargahının (Madrid) ev sahibi ölkəsi kimi İspaniya İcraiyyə Şurasında daimi üzvlük hüququna malikdir. Hazırda İcraiyyə Şurasında 34 üzv-ölkə var.