1937-ci il Azərbaycan romantizm ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavidin həyatında qara hərflərlə yazıldı. Cavid əfəndi 4 iyun gecə saat 23:15 radələrində həbs edilərək evindən aparılır. İki il müddətində Cavid Keşlə və Bayıl həbsxanalarında ağır şərtlər altından saxlanıldıqdan sonra 1939-cu ilin 4 iyulunda antisovet təbliğatında iştirakına görə 8 il həbs cəzası alaraq Sibirə sürgün edilir. 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndindəki Əlillər evində dünyasını dəyişir və orada torpağa tapşırılır.

41 ildən sonra Hüseyn Cavidin cənazəsinin qalıqları Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə vətənə qaytarılır və xatirəsi əbədiləşdirilir. Əsərləri yenidən nəşr edilir, ev-muzeyi yaradılır. Muzeydə böyük ədibin əziz xatirəsi daim yad edilir, zəngin ədəbi irsi təbliğ olunur.

Həmin gecə Hüseyn Cavidin qələm dostları Mikayıl Müşfiq, Əhməd Cavad və Seyid Hüseyn də həbs olunublar. Azərbaycan xalqı üçün qara səhifələrdən ibarət olan 1937-ci ildə ədəbiyyat və mədəniyyətimizdə yeri doldurulmayacaq görkəmli şəxsiyyətlərimizin ömrü yarıda kəsildi.