Macarıstan paytaxtında Madam Tüsso Muzeyinin sərgisi
Mum fiqurları ilə dünyada məşhur olan Madam Tüsso Muzeyinin (London) növbəti ekspozisiyası bu dəfə Macarıstanın paytaxtı Budapeştdə açılıb. Sərgidə 51 mum heykəl nümayiş olunur.
Xarici tarixi şəxsiyyətlər və məşhurlarla yanaşı, burada macar bəstəkar Ferens List, dövlət xadimi Layoş Koşut, “ən dahi macar” kimi tanınan şair Şandor Petöfi, bütün zamanların ən yaxşı macar futbolçusu sayılan, 1954-cü il dünya çempionatının gümüş mükafatçısı Ferens Puşkaşın mum fiqurları da var.
Böyük Britaniyanın Budapeştdəki səfiri Pol Foks deyib ki, muzeyin qastrolları həm dünyaca tanınmış sərginin genişləndirilməsini, həm də Budapeştin zəngin mədəni irsini və dinamik ruhunu əks edir. Sərginin interyerlərində bir sıra ölkənin müxtəlif rəmzi binaları və abidələri təqdim olunub. Ziyarətçilər Buda qəsrinin tunelində gəzə, Dunay sahilində ulduzlara tamaşa edə, Balıqçı qalasında helikopter çəkilişlərinə baxa bilərlər.
Bir çox digər macar və xarici xadimlərlə yanaşı, Budapeştdəki Madam Tüsso sərgisində Harri Gudini, Bela Luqoşi, Kral Matyaş, Şahzadə Sissi, Kral Müqəddəs İştvan, eləcə də Papa Fransisk, mərhum Kraliça II Elizabet, Beyonse, Sandra Bullok, Corc Kluni, Tom Kruz, Penelopa Kruz, Si Tsinpin, Leonardo Di Kaprio, Robert Dauni (kiçik), Ledi Qaqa, Ronald Reyqan, Stiven Spilberq və Donald Tramp təqdim olunublar.
Standart biletin qiyməti təqribən 30 avrodur.
Madam Tüsso Muzeyi 1835-ci ildə Londonda fransız heykəltaraş, mum fiqurlar ustası Maria Tüsso tərəfindən təşkil edilib. Hazırda muzeyin dünyanın 20-dən çox şəhərində filialları fəaliyyət göstərir.