Musiqi ruhun qidasıdır. Eşitdiyin anda məkan və zaman fərq etməz, insanı başqa bir aləmə aparır. Musiqini böyük səhnələrdə ifa edənlərlə yanaşı, xalqa açıq məkanlarda, küçələrdə, parklarda ifa edənlər də az deyil. Dünyada “Oskar” və “Qremmi” mükafatları almış, milyonlarca albomu satılmış bir çox musiqiçilərin yetişməsinə də küçələrdə mahnı ifaçılığı təkan verib. Bu mənada Edit Piaf, Bob Dilan, Karlos Santana, Joni Mitçell kimi məşhurları da nümunə göstərə bilərik.

Paytaxtımızda da belə ifaçılara tez-tez rast gəlirik. Son illərdə onların sayında artım müşahidə olunur. Ürəyəyatan musiqini duyan kimi addımımızı saxlayıb onları dinləməyə başlayırıq. Onların arasında müxtəlif yaşlardan ifaçılar var. Açıq havada canlı ifaları ruhumuza sığal çəkir. Hətta ötən il Azərbaycan Gənclər Fondunun dəstəyi, “Cavan” gənclər hərəkatının təşkilatçılığı ilə Bakıda “Küçə musiqiçiləri gecəsi” də təşkil olunub.

Çox zaman ifa etdikləri musiqiləri dinləyib uzaqlaşdığımız bu insanları daha yaxından tanımağa qərar verdik. Kimisi müsahibəyə razılıq verməsə də, bəziləri ilə həmsöhbət ola bildik.

Firuzə İsmayılova və Aysel Rzayeva paytaxtın Nizami küçəsindəki yeraltı keçidlərin birində gitarada ifa edirlər. Kənarda dayanıb dinləyirik. Gözəl musiqi dinləyənlərin  könlünü oxşayır. Alqışlayırıq. Budur, ifalarına ara verirlər və yaxınlaşıb özümü təqdim edir, qəzetimiz üçün yazı hazırlamaq istədiyimizi deyirik. Məmnuniyyətlə razılaşırlar.

Firuzə İsmayılova 2002-ci ildə Göyçay şəhərində anadan olub. Paytaxtın Binəqədi rayonundakı 298 nömrəli tam orta məktəbi bitirib. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecdə bədii yaradıcılıq işi ixtisası üzrə təhsilini davam etdirir.

Musiqiyə uşaq yaşlarından həvəs göstərdiyini qeyd edən Firuzə 14-15 yaşlarında gitarada ifa etməyi öyrənib: “Balaca vaxtı radioda hansısa mahnı səsləndikdə mən də qoşulub fonoqram kimi oxuyurdum. Musiqiyə həvəsimi görən valideynlərim mənə kiçik bir gitara almışdı. Beləcə, gitara ifaçısı oldum”.

Müsahibimiz 17 yaşından açıq havada musiqilər ifa etməyə başlayıb: “Əslində, qızların küçədə musiqi ifa etməyinə bir çoxları yaxşı baxmır. Ancaq mən onların necə düşünməyindən asılı olmayaraq, bu yolu seçdim. Həmkarım Aysellə tanış olduqdan sonra bir yerdə ifa etməyə qərar verdik. O gündən paytaxtın bir sıra küçə və parklarında birgə ifa edirik”.

Gün ərzində 3-4 saat küçə musiqisi ilə məşğul olduğunu söyləyən ifaçı insanların onlara böyük maraq göstərdiyini, qazandığı məbləğin gündəlik xərclərini qarşıladığını bildirir: “Gün ərzində ən çox vətənpərvər ruhlu mahnılar ifa edirik. Bu musiqilər yanımızdan keçən insanlara xoş təsir bağışlayır. Hətta bir gün mən Ayselə su almağa getmişdim. Gəlib gördüm ki, orta məktəbdən müəllim və şagirdlər, valideynlər onun ətrafına toplaşıb, bir yerdə “Cənab leytenant” mahnısını ifa edirlər. Mən də gitaranı əlimə alaraq onlara qoşuldum. Həqiqətən, həmin gün insanların bizə olan münasibəti məni çox duyğulandırmışdı”.

İlk arzusunun böyük səhnələrdə ifa etmək olduğunu deyən həmsöhbətim işindən zövq aldığını vurğulayır: “Humanitar Kollecin 4-cü kurs tələbəsiyəm. Artıq praktika dövründəyik. Dərslərdən sonra buraya gələrək musiqi ifa edirəm. Küçədə musiqi ifa edən zaman tələbə yoldaşlarım da gəlib məni dinləyirlər. Onu da qeyd edim ki, ailəmizdə küçədə ifaçılıq etməyimi bilirlər və buna normal yanaşırlar...”.

***

Aysel Rzayeva 2001-ci ildə Bakı şəhərində anadan olub. Xətai rayonundakı 25 nömrəli tam orta məktəbdə təhsil alıb. O da kiçik yaşlarından incəsənətə meyilli olduğunu, orta məktəb illərində dəfələrlə ədəbi-bədii layihələrdə uğur qazandığını deyir: “İstedadlı gənclər birliyi” komandası məni öz qruplarına dəvət etdi, birlikdə çoxsaylı tədbirlərə qatıldıq. Ən böyük arzum tanınmış bəstəkarımız mərhum Nailə Mirməmmədlidən (1961-2021) təhsil almaq idi. Fərdi olaraq onun yanına getmişəm. Nailə xanımın haqqımdakı müsbət fikirləri musiqini mənə daha da sevdirib”.

Müsahibim gitaraya sevgisinin tükənməz olduğunu və buna görə də türkiyəli müəllimdən fərdi təhsil aldığını bildirir: “İki ay müəllim yanında gitaranı öyrəndikdən sonra öz üzərimdə çalışaraq ifaçılığımı daha da təkmilləşdirdim. İlk dəfə 20 yaşımda açıq havada ifaçılığa başladım. Bildiyiniz kimi, xaricdə də küçə ifaçıları var. Çox şadam ki, bizim ölkədə belə ifaçılar fəaliyyət göstərir”.

Bu işdə anasının onu dəstəklədiyini bildirən həmsöhbətim paytaxtın Nizami küçəsi ilə yanaşı, “Qış parkı” və digər məkanlarda da ifa etdiyini deyir: “İnsanların əksəriyyəti bizə rəğbətlə yanaşır. Onların diqqətini cəlb etməyi bacarırıq. Hətta xarici vətəndaşlar da bizim ifamıza diqqətlə qulaq asırlar. Amma düşünürəm ki, ifamızı sevməyənlər də ola bilər, bu, normaldır. Bu bizi daha da güclü edir və öz üzərimizdə çalışırıq”.

Gələcək planları ilə bağlı danışan Aysel sənətinin onu böyük uğurlara aparacağına əminliyini bildirir: “Gələcəkdə özümü böyük səhnələrdə görürəm. Özümə inanıram. Ən böyük arzum isə budur ki, konsertim olsun və şəhərin kassalarında bir dənə də biletim qalmasın...”.

***

“Azneft” meydanından bulvara doğru yeraltı keçiddə iki musiqiçi də neçə müddətdir  diqqətimizi çəkirdi. Repertuarları da, ifaları da fərqlidir. Xüsusilə turistləri cəlb etmək üçün “Sarı gəlin” xalq mahnısı, “Qarabağ” şikəstəsi, şən-şux ruhda mahnılar ifa edən gənc musiqiçilər bəzən növbəli şəkildə çalışırlar. Azərbaycan milli alətlərində səslənən musiqilərin sədasından isə heç bir turist yan keçə bilmir.

Tar ifaçısı Rəvan Məmmədov əslən Bərdə rayonundandır. O, fotosunun qəzetdə verilməməsi şərtilə müsahibəyə razı oldu. Deyir atası onun açıq məkanlarda ifa etməsindən xəbərsizdir. Rəvan Bərdədə uşaq musiqi məktəbini, daha sonra Bakıda Musiqi Kollecini bitirib. İki ildən çoxdur bu məkanda ifaçılıqla məşğuldur. Məqsədi Milli Konservatoriyada təhsil almaqdır. Hətta qəbul imtahanında test mərhələsində yetərincə bal yığıb. Qalır qabiliyyət mərhələsindən keçmək.

Rəvan tarda gözəl ifası ilə insanların diqqətini çəkə bilir. Bir müddət əvvəl onun ifası zamanı tanınmış incəsənət xadimlərinin ayaq saxlayaraq maraqla dinlədiklərinin şahidi olmuşam.

***

Kamança ifaçısı Aygün Quliyeva əslən Füzuli rayonundandır. Deyir ki, 8 aydır açıq havada ifa edənlərin sırasına qoşulub. Milli Konservatoriyada qiyabi təhsil alır: “Təhsilim qiyabi olduğu üçün evdə çox darıxırdım. Fikirləşdim ki, evdə oturmaqdansa, çıxım ifalarımı təqdim edim. Beş il musiqi məktəbində, daha sonra Musiqi Kollecində təhsil almışam. İndi konservatoriyanın 4-cü kursunda təhsil alıram. Şükür, gündəlik xərclərimizə bəs edir”.

Aygün bu sahədə uğur qazanmaq üçün zaman və məkanın düzgün seçilməsi, eləcə də repertuar seçiminin vacib olduğunu deyir. Bildirir ki, insanların sıx olduğu saatlar və uyğun mahnı seçimi bəzən daha çox tamaşaçının yığılmasına səbəb olur.

Həmsöhbətimin ən böyük arzusu ali təhsilini bitirdikdən sonra ata yurdu Füzuliyə qayıdıb orada çalışmaqdır. Deyir səbirsizliklə Füzuliyə qayıdıb orada pedaqoji fəaliyyətlə məşğul olacağı günü gözləyir. Biz də ona bu arzusunun tezliklə reallaşmasını diləyirik.

***

Təəssüf ki, bəzi insanlar küçələrdə ifa olunan musiqiyə sənət kimi yanaşmırlar. Ola bilsin bu da bizdə küçə musiqisi ənənəsinin hələlik geniş yayılmaması ilə bağlıdır. Bir də küçə və parklarda ifa edən insanların hamısı professional deyil. Ancaq həmsöhbət olduğumuz ifaçılar musiqi sənətinə həssas yanaşan, özlərini böyük bir tamaşaçı kütləsi qarşısında çıxış edirmiş kimi hiss edənlərdir. Onlar öz sənətləri, zəhmətləri müqabilində cüzi qazanc əldə edirlər. Bizə isə onlara böyük səhnələrdə çıxış etmək, öz məqsədlərinə çatmaq yolunda uğurlar diləmək qalır. Təki musiqi, sənət yaşasın, insanların qəlbi xoş olsun...

Nurəddin Məmmədli
Lalə Azəri