Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 saylı kitabxana filialı iyunun 6-da İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü (30 iyul) münasibətilə "İnsan alverinə qarşı səssiz qalma" (#İnsanHüquqlarıAylığı) başlığı altında tədbir keçirib. 

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra kitabxana filialının böyük kitabxanaçısı Lalə Kərimzadə tədbiri açaraq bildirib ki, insan alveri bütün dünyanı narahat edən ən aktual problemlərdəndir.

Sonra 6 saylı məktəbin müəllimləri Aygün Mirzəliyeva, Şəlalə Xəlilova və kitabxananın müdiri Züleyxa Məlikova mövzu ilə bağlı çıxış ediblər. Bildirilib ki, Avropa Şurasının "İnsan alverinə qarşı mübarizə haqqında" 16 may 2005-ci il tarixli Varşava Konversiyasından, 11 may 2010-cu ildə Azərbaycanın bu konversiyaya qoşulub, eyni zamanda Azərbaycanda “İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” qəbul edilib, bu sahə üzrə xüsusi polis qurumu yaradılıb. Qeyd olunub ki, insan alverinin qurbanları arasında qadınlar, uşaqlar üstünlük təşkil edirlər. İnsan alveri insan hüquqlarını, ləyaqət və toxunulmazlığını pozur, bu cinayətin qurbanlarını köləyə çevirir. İnsan alveri qurbanları üçün Gəncə şəhərində sığınacağın fəaliyyət göstərdiyi də diqqətə çatdırılıb.

***

Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialında isə “İnsan alveri bəşəri faciədir” başlığı altında söhbət keçirilib. Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq insan alverinə qarşı mübarizə yolları haqqında geniş məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli, 958-IIQ saylı Qanununa əsasən, insan alverinin profilaktikası müxtəlif dövlət proqramları çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edilir.
Texnologiya Universitetinin tələbələri və kitabxananın fəal oxucularının iştirak etdiyi tədbirdə mövzu ətrafında müzakirələr aparılıb.