Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Koreya Respublikasına səfəri çərçivəsində Hankuk Xarici Dillər Universitetinin beynəlxalq əlaqələr və maliyyə məsələləri üzrə vitse-prezidenti Tae Yeoub Yangla görüşüb.

Dövlət Komitəsindən bildirilib ki, görüşdə universitetin tarixi, fəaliyyəti barədə ətraflı məlumat verilib, Mərkəzi Asiyada ilk olaraq burada Azərbaycan-türk dillərinin tədrisi kafedrasının fəaliyyət göstərdiyi, kafedranın nəzdində Azərbaycan mərkəzinin yaradıldığı diqqətə çatdırılıb.

Komitə sədri universitetdə Azərbaycan-türk dillərinin tədrisi kafedrasının yaradılmasına görə təşəkkürünü bildirib, ölkələrimiz arasında münasibətlərə töhfə verən “BUTA” Koreya-Azərbaycan Dostluq Assosiasiyası və Koreya Respublikasında müxtəlif ixtisaslar üzrə təhsil alan azərbaycanlı tələbələr barədə danışıb.

Dövlət Komitəsi adından universitetə Azərbaycana həsr olunmuş kitablar hədiyyə edilib.

Fuad Muradov səfər zamanı Seul şəhərindəki Multikulturalizm Muzeyinin fəaliyyəti ilə də tanış olub. Muzeyin direktoru Kim Yun Tae mədəniyyət ocağının fəaliyyəti barədə məlumat verib.

Komitə sədri muzeydə Azərbaycan guşəsinin açılması təklifini diqqətə çatdırıb və bu istiqamətdə əməkdaşlığa hazır olduğunu söyləyib. Muzeyin direktoru bildirib ki, hazırda muzeyin daha böyük yerə köçürülməsi ilə bağlı danışıqlar aparılır və gələcəkdə muzeydə Azərbaycan guşəsi də yaradılacaq. O, Azərbaycana səfər etmək niyyətində olduğunu vurğulayıb.