Bölgədəki tarixi abidələrin UNESCO siyahısına salınması üçün də iş aparılacaq...

 

Prezident İlham Əliyevin iyunun 5-də imzaladığı sərəncamla “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnib.

Dövlət proqramları çərçivəsində görülmüş işlər muxtar respublikanın qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaradıb. Bu isə öz növbəsində bölgənin  sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlərin, həmçinin kompleks proqramların hazırlanmasını və icrasının davam etdirilməsini nəzərdə tutur.

Sərəncamda Azərbaycan Respublikası Nazirlər Kabinetinə üç ay müddətində Dövlət Proqramının 2023–2024-cü illər üzrə, 2024-cü il sentyabrın 1-dək isə 2025–2027-ci illər üzrə tədbirlər planında nəzərdə tutulmuş məsələlərin icrasının təmini üçün daha  təfsilatlı tədbirlər planlarının layihələrini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Qeyd edək ki, Dövlət Proqramının Tədbirlər Planı ümumilikdə 11 prioritet istiqamətdən ibarətdir.

“Turizmin inkişafı” prioritet istiqaməti üzrə bu sahədə infrastrukturun yaxşılaşdırılması, müxtəlif turizm növlərinin (qış, kənd, eko və s.) inkişaf etdirilməsi və turizm atlasının hazırlanması, turizm və rekreasiya zonalarının yaradılması, həmçinin Naxçıvan Muxtar Respublikasının bəzi tarixi memarlıq abidələrinin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün iş aparılması nəzərdə tutulub. Bu iş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və muxtar respublikanın Nazirlər Kabinetinə həvalə olunub.

Bununla bərabər, Naxçıvan Muxtar Respublikasının turizm cəlbediciliyinin artırılması və tarixi memarlıq abidələrinin beynəlxalq səviyyədə qorunması istiqamətində fəaliyyət nəzərdə tutulur.

Dövlət Proqramında bildirilir ki, Naxçıvan Muxtar Respublikasının duz yataqları, mineral suları, tarixi və dini abidələrindən, ekoturizm üçün təbii əlverişli şəraitindən yararlanmaqla, regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi məqsədilə bu sahənin inkişafına yönəlmiş tədbirlər görüləcək. Sağlamlıq turizmi imkanlarının genişləndirilməsi, qış və kənd turizminin, ekoturizmin inkişaf etdirilməsi, turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

“İnstitusional inkişaf” prioritet istiqaməti üzrə mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi, maddi-texniki bazanın  gücləndirilməsi və mədəniyyət sahəsinin inkişafının təmin edilməsi nəzərdə tutulur. Bu işi muxtar respublikanın Nazirlər Kabineti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və AMEA ilə birgə icra etməlidir. Buraya mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və sahənin inkişafı ilə bağlı layihələrin hazırlanması, mədəniyyət müəssisələri tərəfindən əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi daxildir.