Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə iyunun 3-də Bakıda “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda konfrans keçirilib.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransa Rusiyadan da qonaqlar qatılıb.

Konfransda çıxış edən YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər tariximizə sosial-iqtisadi yüksəliş, mədəni intibah və bütövlükdə müstəqil dövlət quruculuğu dövrü kimi həkk olunub. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”, – deyən Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Onlar birlikdə Azərbaycanın inkişafına töhfələr verirlər. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədə ölkəmizdə yaşayan bütün xalqların, o cümlədən rusəsilli vətəndaşlarımızın payı var.

Diqqətə çatdırılıb ki, Azərbaycanda mövcud olan icmalar, o cümlədən 30 illik yubileyini qeyd edən Azərbaycanda Rus İcması cəmiyyət həyatının müxtəlif sahələrində səmərəli fəaliyyət göstərir, vətəndaş həmrəyliyinin, xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır. Bu gün Azərbaycanda rus dilində orta ümumtəhsil məktəbləri, ali təhsil ocaqları, universitetlərdə rusdilli bölmələr, rusdilli mətbu orqanlar və digər ictimai-mədəni qurumlar öz fəaliyyətlərini uğurla davam etdirirlər.

Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin bildirib ki, Heydər Əliyev keçmiş SSRİ respublikaları arasında mehriban qonşuluq münasibətlərinə həmişə böyük əhəmiyyət verir, Rusiya-Azərbaycan əlaqələrinin gələcəyinə nikbinliklə baxırdı. O, müstəqil Azərbaycanın rəhbəri kimi ölkədəki rus icmasının fəaliyyətinə də daim diqqət ayırıb. Qeyd edilib ki, 1993-cü ildə təşəkkül tapan icmanın hazırda 120 min nəfərdən çox üzvü var və bu, Cənubi Qafqazda ən böyük rus icmasıdır.

Vurğulanıb ki, multikulturalizm Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dövlət siyasəti kimi müəyyənləşdirilib. Bu gün Azərbaycanın multikulturalizm və tolerantlıq modeli dünyada nümunə kimi göstərilir.

Konfransda çıxış edən mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, Azərbaycan dövlətinin mədəniyyət siyasətində multikulturalizm amili başlıca istiqamətlərdən biridir. Azərbaycan çoxmillətli və çoxmədəniyyətli bir ölkədir. Bu istiqamətdə son 30 ildə ölkəmizin keçdiyi yola nəzər salmaq Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun strateji baxımdan nə qədər uzunmüddətli və bu gün üçün də nə qədər aktual olduğunu görməyə bir daha imkan verir.

Bildirilib ki, fərqli millət və mədəniyyətlərin bir arada yaşaması və tərəqqisi mədəniyyət məkanının zənginliyini artırır, müxtəlif fikirləri bir araya gətirərək yaradıcılığı və innovasiyaları təşviq edir. Multikulturalizm və tolerantlıq müasir Azərbaycan cəmiyyətinin yaşam tərzi olmaqla bir sıra etnik, dini, linqvistik aspektlərlə yanaşı, mədəni aspektləri də əhatə edir. Ulu öndərin irəli sürdüyü azərbaycançılıq konsepsiyası birləşdirici ideya kimi mədəniyyət sahəsində yeni çalarlar qazanaraq müasir Azərbaycanın multikulturalizm modelini formalaşdırıb.

Adil Kərimli vurğulayıb ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə yaşayan bütün millətlərin və etnik qrupların mədəni dəyərlərinin qorunub saxlanılması və inkişafı istiqamətində sistemli siyasət həyata keçirilir. Ulu öndər Heydər Əliyev tərəfindən dövlət siyasətinin əsası kimi müəyyən edilən multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin milli ideologiyasının təməl prinsipidir. Təsadüfi deyil ki, Vətən müharibəsində Azərbaycan xalqı bu təməl prinsip əsasında bir yumruq kimi birləşdi, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Nazir bildirib ki, torpaqlarımızın otuzillik işğalı dövründə Ermənistan silahlı qüvvələri və vandalları tərəfindən Azərbaycan xalqına, o cümlədən etnik azlıqlarına məxsus mədəni irs nümunələri, tarixi abidələr, mədəniyyət müəssisələri, muzeylər qarət edilib, dağıdılıb və təhqir olunub. Bu gün Azərbaycanda etnik qrupların mədəni irsinin qorunması ilə yanaşı, fərqli dinlərə mənsub olan insanların dini inanc və abidələrinin qorunub saxlanılması da dövlətimizin multikulturalizm və tolerantlıq siyasətinin əsasını təşkil edir.

Konfransda çıxış edən Rusiya XİN-in Həmvətənlərlə işlər üzrə departamentinin direktoru Aleksandr Nurizadə xarici işlər naziri Sergey Lavrovun konfrans iştirakçılarına məktubunu oxuyub.

Həştərxan vilayətinin mədəniyyət və turizm naziri Olqa Prokofyeva çıxışında bildirib ki, multikulturalizm və tolerantlıq hər bir müasir, inkişaf edən dövlətin gələcəyi üçün vacibdir. Azərbaycanla Həştərxan vilayətini çoxmillətli müxtəliflik birləşdirir ki, bu da bizim əvəzsiz irsimiz və üstünlüyümüzdür. Bu səmərəli əməkdaşlığın əsasının Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qoyulduğunu deyən qonaq Həştərxanda Ümummilli liderin xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini də diqqətə çatdırıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, Arximandrit Aleksiy Nikonorov qeyd edib ki, istənilən xalqın milli kodu bu xalqın dilinə, mədəniyyətinə, adət-ənənəsinə, dininə əsaslanır. Azərbaycanın milli kodu multikulturalizm, tolerantlıq, digər etnik qruplara və dini inanclara hörmət kimi elementləri özündə ehtiva edir. Azərbaycanda müxtəlif mədəniyyətə və konfessiyaya malik insanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Mədəniyyətlərin müxtəlifliyi qarşılıqlı mənəvi zənginləşmə mənbəyinə çevrilir, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verir.