Xəbər verdiyimiz kimi, Ombudsman tərəfindən 18 may – 18 iyun tarixlərində ölkəmizdə “İnsan hüquqları aylığı” (#İnsanHüquqlarıAylığı) elan edilib.

İyunun 6-da Masallı rayon Mərkəzi Kitabxanası, Ombudsmanın Cənub Regional Mərkəzi və Masallı Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə aksiya çərçivəsində “İnsan hüquqları barədə nə bilirsiniz?” mövzusunda tədbir keçirilib.

Mərkəzi Kitabxanada keçirilən tədbirdə rayonda fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları, mətbuat nümayəndələri, ziyalılar və məktəblilər iştirak ediblər.

Kitabxananın direktor vəzifəsini icra edən Zamin Məmmədov, Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, “Azad Azərbaycan” qəzetinin baş redaktoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu və başqaları insan hüquq və azadlıqları, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında məlumat verib, ölkəmizdə bu istiqamətdə görülən işlər, həyata keçirilən layihələrdən söz açıblar.