Festivalda TÜRKSOY-un təşəbbüsü ilə “Türk Dünyası Kulinariya Birliyi” yaradılıb

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən Qırğızıstanda Tyan-Şan dağının Çunkurçak yaylasında 1-ci “Supara: Türk Xalqlarının Ənənəvi Mətbəxi Etno Festivalı” keçirilib. TÜRKSOY, Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclər Nazirliyinin birgə təşkilatçılığı və Supara Etno Kompleksinin ev sahibliyi ilə keçirilən festivalda Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Macarıstan və Şimali Makedoniyadan aşpazlar iştirak ediblər.

Türk xalqlarının birlik və qardaşlığının inkişafına töhfə vermək, ənənəvi yeməkləri yaşatmaq məqsədilə təşkil edilən festivalda aşpazlar hazırladıqları mətbəx nümunələrini təqdim ediblər.

Türk dünyasının kulinariya mədəniyyətinin müxtəlif nümunələrinin nümayiş olunduğu stendlər iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Münsiflər heyətinin üzvləri stendlərə baş çəkib, yemək və içkilərin dadına baxıb, əvvəlcədən hazırlanmış xörəklərin tarixi haqqında məlumat alıblar.

Festivalın açılışında çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev süfrənin türk xalqları arasında yeri və əhəmiyyətinə diqqət çəkib: “Keçmişdə türk xalqları süfrə arxasında tanış olub, qohumluq əlaqələri qurub, birliklərini möhkəmləndiriblər. “Türk Xalqlarının Ənənəvi Mətbəxi Etno Festivalı” ilk dəfə Qırğızıstanda təşkil olunur və festivalda 7 ölkədən usta aşpazlar iştirak edir. Hər bir xalq öz mətbəxi ilə fəxr edir və bu gün dünya mətbəxi süfrələrimizdə yer alır. Biz də alternativ olaraq atalarımızdan qalan təbii qidalarımızı təqdim etməliyik. Bu səbəbdən festivalı keçirməkdə məqsədimiz Türk dünyasının unudulmuş ənənəvi yeməklərini canlandırmaq və fəlsəfəsini izah etməkdir”.

Baş katib festivalı “supara” (süfrə) adlandırdıqlarını və Türk dünyası xalqları arasında bu sözün, demək olar ki, eyni məna daşıdığını da bildirib.

Eyni zamanda S.Raev bir yeniliyi də diqqətə çatdırıb. Deyib ki, festival çərçivəsində TÜRKSOY-un təşəbbüsü və təşkilatçılığı ilə “Türk Dünyası Kulinariya Birliyi” qurulub. Türk xalqlarının kulinariya mədəniyyətini təbliğ etmək məqsədilə yaradılmış birliyin prezidenti vəzifəsinə Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri professor Tahir Əmiraslanov seçilib. Eyni zamanda tədbir çərçivəsində T.Əmiraslanovun hazırladığı, ötən il işıq üzü görmüş “Qarabağ mətbəxinin inciləri” kitabının təqdimatı da keçirilib.

Qeyd edək ki, festival boyunca iştirakçılar öz ənənəvi yeməklərini hazırlayaraq iştirakçılara təqdim edib. Böyük iştirakçı kütləsi ilə müşayiət olunan və aşıqların və rəqs qruplarının səhnə aldığı festivalın sonunda aşpazlara müxtəlif hədiyyələr verilib.

Qeyd edək ki, “Türk Xalqlarının Ənənəvi Mətbəxi Etno Festivalı” gələn il Özbəkistanda keçiriləcək.

Mehparə Sultanova
Ankara