“Çəhrayı – Qara” sərgisi haqqında təəssürat
Azərbaycan Rəngkarlığı Muzeyinə Xalq artisti Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filminin premyerasına (26 may) gedərkən burada bir həftə öncə açılmış “Çəhrayı – Qara” sərgisini də izləmək imkanım oldu.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə YARAT Müasir İncəsənət Məkanında açılan sərgi elə ilk baxışdan insanı düşündürür və təkcə təsviri sənətə deyil, həm də həyata baxışı əks etdirir. Sərgidə nümayiş olunan əsərlər dünən, bu gün və sabahı göstərir. Bu əsərlərin hər birində dərin məzmun qatları var. O, mövzunu tamaşaçı üçün bütünlüklə açmağa çalışır və reallığı diktə edir. XX əsrin ustad sənətkarları ilə yanaşı, müasir rəssamların da əsərlərinə yer verilib. Ekspozisiya fəlsəfiliklə bərabər, sadəlik və açıq fikir aydınlığı ilə mövzuları tamaşaçıya aça bilir.
Ekspozisiyada Əzim Əzimzadə, Toğrul Nərimanbəyov, Elmira Şahtaxtinskaya, Odtəkin Ağababayev, Ağa Mehdiyev, Altay Hacıyev, Bəyim Hacıyeva, Hüseyn Haqverdiyev, Əşrəf Murad, Fazil Nəcəfov, Fərhad Xəlilov, Elmira Hüseynova, Ələkbər Rzaquliyev, Əli Verdiyev, Qorxmaz Əfəndiyev, Rasim Babayev kimi ustad sənətkarların rəngkarlıq, qrafika və heykəltaraşlıq əsərləri nümayiş olunur. Burada həmçinin yeni nəsil rəssamlardan Soltan Soltanlı, Şahnaz Ağayeva, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Aqil Abdullayev, Aiplague və Vüsal Rəhimin rəngkarlıq, qrafika, heykəl, instalyasiya, video və performans əsərləri bir araya gətirilib.
İlk olaraq plakat və dəzgah rəssamlığı bölməsi diqqətimi çəkir. Zaman keçir, ictimai formasiya bir-birini əvəz etsə də, insanın ətraf mühitə, cəmiyyətə mesajı eyni olaraq qalmaqdadır. Bizim bu gün də güclü ideoloji mesajlara ehtiyacımız var və maraqlısı da budur ki, öz aktuallığını itirməyən və günümüzlə səslənən tablolar gənc nəslə bir çağırışdır. Ekspozisiyada ustad və gənc rəssamların əsərlərinin hər biri insanın ətraf mühitə, cəmiyyətə, qadına münasibətini izah edir.
Bu məqamda sərginin adı haqqında düşünürəm: “Çəhrayı – Qara”. Sərgi güclü Azərbaycan qadını haqqında hekayədir və qadına qarşı cəmiyyətdəki stereotip, məhdudiyyətlərə rəğmən onun mühüm rolunu vurğulayır. Bununla yanaşı, ekspozisiya təkcə bugünkü cəmiyyətimizdə deyil, əsrlər boyu qadına olan münasibəti, onun statusunu, təsir imkanlarını və gücünü, o cümlədən üzləşdiyi problemləri nəql edir...
Bəli, bu problemləri biz həm XX əsr görkəmli rəssamlarımızın, həm də onların xələflərinin əsərlərində əks olunduğunu görürük. Bəzən pozitiv, bəzən də bədbin. “Çəhrayı – Qara” sərgisi həm də illər ərzində sənətçilərin prizmasından ötürülən cinsiyyət haqqında bir mesajdır. O, tamaşaçılara müxtəlif dövrlərdə cinsin necə qəbul edildiyini düşünməyə imkan yaradır. Sərgidəki 13 ustad sənətkarın əsərləri ilə yanaşı, yeni nəsil fırça ustalarının əl işlərini izlədikcə onların da düşüncəsindəki qadın obrazlarına, qadının cəmiyyətdə mövqeyinə baxışlarını müqayisə etmək imkanı qazanırıq.
XX əsrin ortalarından Azərbaycan çağdaş rəssamlığı artıq ilk addımlarını atmaqda idi. Tarixi və müasir mövzularda əmək, məişət, qadın azadlığı, savadsızlığın ləğvi kiçik həcmli tablolarda əks olunurdu. Həmin dövr milli özünəməxsusluğu təcəssüm etdirən sənət yaratmaq niyyətləri rəssamlarımızın miniatür ənənələrinə yaxın şərti dekorativ üslubda işlədikləri tablolarında daha çox görünürdü. Bu üslubda biz Əzim Əzimzadənin sərgilənən əsərlərini nümunə çəkə bilərik.
Sərgi sənət nöqteyi-nəzərindən bir ziyarətçi kimi mənə nəyi diktə etdi? Əgər ötən əsrdə portret janrı rəssamlarımızın yaradıcılığında əsas yer tuturdusa, bu gün alt qatında dərin mənalar yatan əsərlər daha çox yaradılır. Əsərlərin üslub və texnikası dəyişir, kompozisiya və plastik həll prinsipləri nəzərəçarpacaq dərəcədə yenilənir. Yeni bədii təfəkkür müasir rəssamlıqda qadın obrazları mövzusuna münasibətdə də özünü göstərir. Hər birinin özünəməxsus gözəlliyi, plastikası var və əsərlərdə həm Şərq, həm də Qərb qoxusunu duymaq mümkündür.
Bu sərgi ümumilikdə fərqli qadınlara müxtəlif məkan və zamandan asılı olmayaraq tətbiq etdiyimiz stereotipləri, çiyinlərinə qoyduğumuz rolları və funksiyaları əks etdirir. Burada eyni zamanda çağdaş təsviri sənət ustalarının buna qarşı mübarizəsi də var. Məsələn, biz Ələkbər Rzaquliyevin “Balığın çənlərdən seçilməsi” (1963) və “Tütünçülük kolxozu” (1966) əsərlərində sənaye inqilabından sonrakı dövrün qadınlarının təsvirini görürük. Qadınlar sənayenin müxtəlif sahələrində azad çalışırlar. Lakin bu onların azadlığı deməkdirmi? Əksinə, bu əsərlər qadınların iş yükünün çoxalmasına işarə edir. Qadın nəinki evdə, həm də sənayedə çalışır. İstənilən halda ev işləri və uşaqlara qayğı onların boynunda qalmaqdadır. Bu hal ötən əsrdə də belə idi, bu gün də belə davam edir. Prosesin davam etdiyini Soltan Soltanlının əsərlərində də görmək mümkündür. Onun qadın obrazları dərin fəlsəfi qatları ilə seçilir. Təkcə “Saçından asılmış qadın” əsəri rəssamın düşüncə və mesajının nə dərəcədə ağıryüklü olduğunu göstərir.
Azərbaycan Rəngkarlığı Muzeyindəki bu mürəkkəb və fərqlilikləri görmək üçün Fərəh Ələkbərlinin kuratoru olduğu sərgini ziyarət etmək lazımdır. Ekspozisiyaya Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Azərbaycan Rəssamlar İttifaqı, Elnur Babayev və Vüsal Rəhimin kolleksiyalarında saxlanılan əsərlər daxil edilib.
...1980-ci illərdən etibarən qadın və kişi idealları keçmişin cinssiz təbliğat klişelərindən uzaqlaşaraq nəzərdən keçirilirdi. Sovet hakimiyyətinin süqutundan sonra yeni qazanılan azadlıqlar neokonservativ məhdudiyyətlərlə ayaqlaşaraq qadın identikliyinin siyasi və ictimai əhəmiyyətini vurğulamaq üçün qadınlığın tarixi alleqoriyalarına işarələr verməyə başladı...
Siz də sentyabrın 24-dək açıq olacaq “Çəhrayı – Qara” sərgisini ziyarət edin ki, zərif cinsin nümayəndələrinə birmənalı olmayan sənətkar baxışlarından xəbərdar olasınız.
L.Azəri