Almaniyanın Drezden şəhərində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycana həsr olunmuş fotosərgi açılıb.
“İpək yolu Azərbaycan” (“Seidenstrasse-Aserbaidschan”) cəmiyyətinin təşkilatçılığı, ölkəmizin Almaniyadakı səfirliyinin, Drezdendəki “House of Resources” təşkilatının və Ukrayna Evinin birgə dəstəyi ilə keçirilən sərgidə Azərbaycan rəssamlarının əsərlərinin reproduksiyaları, ölkəmizin əsrarəngiz təbiətini, tarixi, mədəni, dini irsini və adət-ənənələrini əks etdirən fotoşəkillər nümayiş olunub.
Cəmiyyətin həmsədrləri Alseyin Babayev və Yuliana Şneyderman qonaqlara Heydər Əliyevin mədəniyyət və incəsənətə həssas münasibəti, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanın dinamik inkişafı, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti barədə məlumat veriblər. Azərbaycanın rəssamlıq məktəbinin korifey sənətkarları Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, müasir dövrün tanınmış rəssamları Sakit Məmmədov, Altay Sadıqzadə və digərlərinin yaradıcılığına diqqət cəlb edilib.
Tədbir zamanı ölkəmiz haqqında sənədli filmlərdən fraqmentlər nümayiş etdirilib və bəstəkar Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəlinə yazdığı “Sevgili canan” romansı ifa olunub.
Sərgi bir ay davam edəcək.