Avropa Parlamentində sərgi açılıb...

 

Avropa Parlamentinin Altiero Spinelli binasında (Brüssel) Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinin təşkilatçılığı ilə fransız fotoqraf Qreqori Herpenin “Qarabağ müharibədən sonra” adlı fotosərgisi açılıb.

Qreqori Herpe 2021-2022-ci illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Parisdə fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə ölkəmizin Qarabağ bölgəsində olub. Fotoqrafın otuzillik erməni işğalı nəticəsində dağıdılmış tarixi və mədəni irs nümunələrimiz, işğaldan sonra aparılan bərpa və minatəmizləmə işləri ilə bağlı çəkdiyi şəkillərin bir qismi 2021-ci ildə ölkəmizin Parisdəki səfirliyində nümayiş etdirilmişdi.

İyunun 6-da Avropa Parlamenti binasında açılan sərgi Avropa Parlamenti – Azərbaycan qrupunun rəhbəri Andris Ameriksin dəstəyi ilə ərsəyə gəlib. Açılış mərasimində çıxış edən A.Ameriks bu fotoşəkillərin müharibənin yaratdığı dağıntıların və ağrıların kədərini əks etdirdiyini və dərin məna daşıdığını deyib. O, müəllifin Qarabağda baş verənləri hiss etdirmək üçün düzgün kadrlar seçmək bacarığını vurğulayıb. Qarabağın Azərbaycan xalqının birlik simvolu olduğu və bu yerlərin tezliklə bərpa olunacağına, sakinlərin evlərinə qayıdacağına əminlik ifadə edilib.

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov Andris Ameriksə sərginin keçirilməsinə verdiyi dəstəyə görə və Qreqori Herpenə Azərbaycanı müxtəlif ölkələrdəki layihələrdə təmsil etdiyi üçün təşəkkür edib. Diplomat ölkəmizin Cənubi Qafqazda sülh və barışığa yönəlmiş siyasəti, eyni zamanda Ermənistanın otuz il ərzində Azərbaycana qarşı yürütdüyü işğal və etnik təmizləmə siyasəti, tarixi, mədəni və dini irsimizə qarşı talan və dağıntılar haqqında məlumat verib.

Bir çox ölkələrdə təşkil etdiyi humanist fotolayihələrinə görə mükafatlar almış Qreqori Herpe çıxışında Qarabağda ilk dəfə 2021-ci ildə olduğunu, əraziləri tamamilə dağıdılmış və talan olunmuş şəkildə gördüyünü bildirib. 2022-ci ildəki səfər zamanı isə Azərbaycan dövlətinin qısa bir zamanda azad olunmuş doğma torpaqlarda apardığı bərpa-quruculuq işlərindən heyrətləndiyini qeyd edib.

Fotoqraf layihənin ərsəyə gəlməsinə görə deputat Andris Ameriksə və Azərbaycan tərəfinə təşəkkür edib.

Sərginin açılışında Avropa Parlamentinin, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin, Avropada yaşayan diasporumuzun nümayəndələri və Belçikada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.