Tanınmış şair, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fəridə Hacıyeva ömrünün 70-ci baharını yaşayır. Özü də bədii sözlə, hikmətlə qol-boyun. O, uzun illər Azərbaycan Milli Kitabxanasında çalışıb, kitablar həyatının mənasına çevrilib. Aşıb-daşan ilhamı ilə həm də bu zəngin mühitdən güc alıb.

“Məni məndən alan dünya” (1998), “Dünyama qovuşacağam” (2000), “Göylər pənahım mənim” (2003), “Bağışla, Vətən, bağışla” (2004), “Qaytaram Tanrı sevgisin” (2010) və s. kitabları nəşr olunub.

Fəridə Hacıyeva “Gül açan xatirələr”, “Ümid çırağı”, “İtirilmiş yurd yeri” adlı pyeslərin və görkəmli rumın şair Mixay Emineskudan etdiyi tərcümələrdən ibarət “Ulduzlardan pay istərəm” kitabının müəllifidir. Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülən şairin bir sıra şeirlərinə mahnılar bəstələnib.

“İn­san­lı­ğın sev­gi­si­ni gə­zi­rəm Tor­pa­ğı­mın ca­dar-ca­dar üzündə” deyən Fəridə xanımı əlamətdar yubileyi münasibətilə təbrik edir, cansağlığı və yaradıcılıq uğurları arzulayırıq. Rəssam və müğənni Sənan Nağının şairin yaradıcılığı haqqında yazısını təqdim edirik.

***

Fə­ri­də Ha­cı­ye­vanın şe­ir­lə­rin­də İla­hi sev­gi, in­san və və­tən mə­həb­bə­ti vəh­dət təş­kil edir. O, və­tə­nin tor­pa­ğı­na, da­şı­na vur­ğun­du. Bu vur­ğun­luq onun iç dünya­sı­nın təmiz­li­yin­dən, İla­hi­yə, in­san­la­ra və tə­biə­tə olan sə­mi­mi müna­si­bə­tin­dən qaynaqlanır. Şa­ir əş­ya­ya könül pən­cə­­rə­sin­dən nə­zər sa­lır:

Göydə ul­duz­lar say­rı­şır,
Ar­zu di­lə­yə qa­rı­şır.
Ya­zın ətir­li ha­va­sı,
Vu­ran qəl­bim­də do­la­şır.

Göydə par­la­yan ul­duz­lar, qəl­bin­də­ki ar­zu-di­lək, ya­zın ətir­li ha­va­sı onun üçün bir-bi­rin­dən ay­rı de­yil­, bir-bi­ri­ni əvəz edən, bi­ri di­gə­ri­ni təs­diq edən amillərdir. Özünün de­di­yi ki­mi, vu­ran qəl­bin­də do­la­şır. Şa­ir sözünün gücünü sev­gi­dən alır, bu sev­gi sa­də­cə na­tu­ra­list bir sev­gi­dən iba­rət de­yil, o ucu-bu­ca­ğı bi­lin­mə­yən, ye­rə göyə sığ­ma­yan bir tək sa­leh in­san­la­rın könlünə sı­ğa bi­lə­cək bir sev­gi­dir, şa­ir onu həm ta­pıb, həm də ax­ta­rır:

Sev­gi gə­zi­rəm,
Ba­bam,
Sev­gi,
Bir mə­ri­fət sev­gi­si.
Tu­tub
Haq­qın ətə­yin­dən,
Görən kim­di
it­­ki­­si­­?
Sev­gi gə­zi­rəm,
Ba­bam,
Sev­gi.
Yer üzünün
Özündə.

O, mə­ri­fət sev­gi­si­ni, hə­qi­qə­ti ax­ta­rır. Bu fa­ni dünya­ya hə­yat ve­rən, onu can­lan­dı­ran Haqq dər­ga­hın­dan gə­lən, içiboş qup­qu­ru bir qa­mış­dan ha­zır­lan­mış ne­yi ruhlandıran o hə­qi­qi nə­fə­si ax­ta­rır. O nə­fəs ki, cən­nə­tin xə­bər­çi­si, in­san­lı­ğın cövhəri­dir və ümumiy­yət­lə, bütün kai­na­tı ayaq­da tu­tur. Əzəl­dən əbə­diy­yə­tə bütün olan­lar onun əsə­ri­dir:

Dər­ga­hı­mın qa­pı­sı­na çat­mı­şam,
Hu... ərən­lər, mə­nə bir yol göstə­rin.
Nə­fə­sim­də gül-çi­çə­yin qo­xu­su,
Qoy açıl­sın bu cən­nət­də gözlə­rim.

Si­zi görüb mən bir ha­la düşmüşəm,
Könül di­nir, könül mə­nim həm­də­mim,
Ney sə­si­nin hə­zin­li­yi içim­də,
Öz dünya­mın xoş də­mi­di, xoş də­mi.

İn­san­lı­ğın sev­gi­si­ni gə­zi­rəm
Tor­pa­ğı­mın ca­dar-ca­dar üzündə.
Yer­də, göydə hər nə var­sa, gözəl­di,
Xoş ni­da­dı öz Tan­rı­mın gözündə.

Şai­rin sözlə­ri an­caq tə­xəyyül dünya­sı­nın məh­su­lu de­yil­dir, on­lar əbə­di can­lı olan könül dər­ga­hın­dan süzülüb gə­lən nə­fəs­lər­dir. O könül dər­ga­hı ki, bütün yer üzünün su­la­rı mürək­kəb ol­sa, ye­nə də bu gözəl­li­yi, bu möhtə­şəm­li­yi la­yi­qin­cə təs­vir edə bil­məz, o könül dər­ga­hı ki, əsr­lər bo­yu su­fi­lər, ərən­lər, Mövla­nə­lər, Yu­nus Əmrələr, Aşıq Vey­səl­lər o dər­ya­ya baş vu­rub, ora­dan mir­va­ri­lər top­la­yıb əbədiyyətə qərq olub­lar:

Dünya­ma dürr sə­pi­lir,
İla­hi­nin sə­sin­dən.
Yu­nus Əm­rə, Mev­la­na,
Vey­sə­lin nə­fə­sin­dən.

Ru­hum­da min ha­va­cat,
Şah da­mar tər­pə­niş­də.
Se­çil­məm könüllə­ri,
Seyr edən bir dər­viş­dən.

“Mən si­zə şah da­ma­rı­nız­dan da­ha ya­xı­nam” bu­yu­ran Al­la­hın sev­gi­si və ya­xın­lı­ğı şai­rin şe­ir­lə­rin­də öz ək­si­ni ta­pıb. Şa­ir onu ya­ra­dan, ona il­ham bəxş edən Rəb­bin­dən ra­zı­dır, ona qul ol­ma­nın se­vin­ci və hə­yə­ca­nı­nı bu cür tə­rənnüm edir:

Al­la­hım­dan ra­zı­yam,
Mə­nə hə­yat, can ver­din.
Gözəl­li­yi, sev­gi­ni,
Qu­lu­na ha­çan ver­di­n?!

Al­la­hım­dan ra­zı­yam,
Əlim lütfünə sa­rı.
Könlümün lə­tif da­dı,
Gözümə görün ba­rı.

Fə­ri­də Ha­cı­ye­va üçün Al­lah qor­xu­b qa­çı­la­caq bir var­lıq de­yil, se­vi­lə­cək dost oluna­caq bir var­lıq­dır. Özü­nün de­di­yi ki­mi, “Könlümün lə­tif da­dı”. Bu mə­nə­vi dadın, mə­həb­bə­tin hə­yə­ca­nı ilə onu görmək, onu ya­xın­dan ta­nı­maq is­tə­yir. Əl­bəttə ki, bu “görmək” könlün, qəl­bin, ru­hun görmə­si, bil­mə­si­dir.

Şairə uc­suz-bu­caq­sız, son­suz olan “Könül dər­ga­hı”na da­ha ne­çə be­lə sə­fər­lər edib, ne­çə be­lə söz mir­va­ri­si toplama­sı­nı ar­zu­la­yı­rıq.