İyunun 7-də Səməd Vurğunun Ev-Muzeyində Xalq şairi Vaqif Səmədoğlunun (1939-2015) anadan olmasının 84-cü ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Gecəyə şairin qələm dostları, Vaqif poeziyasını sevənlər, gənclər yığışıb.

Şairin həyat və yaradıcılığından bəhs edilib, unudulmaz xatirələr yenidən canlandırılıb. Qeyd olunub ki, Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olub, öz yaradıcılığı ilə bir neçə nəslin ədəbi zövqünün formalaşmasında rol oynayıb və bu gün də dərin fəlsəfi ruhlu şeirləri sevilir.

Tədbir iştirakçıları şairin şeirlərindən parçalar söyləyiblər. Vaqif Səmədoğlunun sözlərinə bəstələnmiş mahnılar, xalq mahnıları və digər əsərlər tanınmış sənətçilər və gənc musiqiçilərin ifasında səslənib.