İyunun 8-də Mədəniyyət Nazirliyi, Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi olaraq nəşr edilən “Azərbaycan memarlıq elementləri” kitabının təqdimatı olub.
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunmuş nəşrin təqdimat mərasimi Azərbaycan Milli İncəsənət Muzeyində keçirilib.
Kitabın müəllifi Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru Xəlil Cəfərovdur.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov giriş sözündə XX əsrin ortalarında görkəmli Azərbaycan memarı akademik Mikayıl Hüseynov tərəfindən ilk dəfə olaraq milli memarlıq abidələrinin araşdırıldığını, bu təşəbbüslə həmin dövrdə tədqiqatçılar tərəfindən müxtəlif abidələrə aid materialların toplandığını və məhdud nüsxədə bir neçə albomun çap olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, yarımçıq qalmış həmin işə yarım əsr sonra yenidən başlanılıb, nəticədə sanballı bir kitab ortaya qoyulub.
Bildirilib ki, təqdim olunan yeni kitab Azərbaycanın qədim tarixə malik olan memarlıq abidələrinin üzərində hələ minilliklər öncə əcdadlarımızın nəqş etdiyi milli memarlıq elementlərindən və onların etimologiyasından bəhs edir.
Kitabda XX əsrdə Azərbaycan memarlığının inkişafından da ətraflı söz açılır, memarlıq və arxitektura sahəsinin Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə xüsusilə diqqət mərkəzində olduğu vurğulanır.
Kitabın elmi redaktoru Əməkdar memar, professor, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə nəşri milli memarlıq üslubunun yaddaşlara həkk olunması üçün ən gözəl vasitə adlandırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli təqdim olunan kitabda milli memarlıq üslubu, memarlıq janrları, interyer tərtibatı nümunələri, kiçik memarlıq formalarının ətraflı izah edildiyini söyləyib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova, Milli Məclisin üzvü, akademik Nizami Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev kitabla bağlı fikirlərini bölüşüblər.
Sonda Azərbaycan və ingilis dillərində olan kitabın müəllifi Əməkdar memar Xəlil Cəfərov çıxış edib. O, kitabın ərsəyə gəlməsindən söz açıb. Bildirib ki, kitabda Azərbaycan memarlığında işlənən milli elementləri həm funksional cəhətləri ilə, həm də bədii-estetik təsiri ilə tikililərdə sadəcə mühəndislik təxəyyülünün məhsulu kimi deyil, eyni zamanda incəsənət nümunəsi kimi nəzərdən keçirilib. Müasir memarlıq əsərlərində xalqımızın əsrlər boyu yaratdığı memarlıq irsini yaşatmaq və eyni zamanda bugünkü tələblərə uyğun şəkildə, düzgün istifadə etmək baxımından milli memarlıq elementlərini dərindən bilməyin vacibliyi önə çəkilib.