İyunun 8-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Hökumət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, iclasdan əvvəl nümayəndə heyətlərinin başçıları “Sirius” elm və incəsənət parkında “Avrasiya bizim evimizdir” adlı sərgi ilə tanış olublar.

Şuranın məhdud tərkibli iclasında çıxış edən Əli Əsədov Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirildiyini MDB ölkələrinin hökumət başçılarına bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikası MDB çərçivəsində hökumətlər səviyyəsində qarşılıqlı faydalı tərəfdaşlığa və səmərəli əlaqələrin davam etdirilməsinə böyük əhəmiyyət verir.

Birliyə üzv dövlətlər arasında qarşılıqlı anlaşmanın və mehriban qonşuluğun möhkəmləndirilməsində humanitar sahənin başlıca rolu vurğulanıb. Baş nazir bu xüsusda MDB Oyunlarına toxunaraq bildirib ki, bu Oyunlar humanitar sahədə mühüm idman layihəsi kimi iştirakçı ölkələrin xalqları arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsinə kömək edir.

Üçüncü MDB Oyunlarının 2025-ci ildə ölkəmizdə keçiriləcəyini xatırladan Əli Əsədov Azərbaycanın birinci Avropa Oyunları (2015), IV İslam Həmrəyliyi Oyunları (2017), Avropa Gənclər Yay Olimpiya Festivalı (2019), UEFA çərçivəsində klub və milli yarışların, Formula 1 Qran-priləri kimi nüfuzlu idman yarışlarının keçirilməsi təcrübəsindən danışıb.

“Biz müasir idman, logistika və turizm infrastrukturuna, kifayət qədər kadr potensialına sahibik. Bütün bu resurslar Azərbaycan dövlətinin bütün iştirakçılara və nümayəndələrə verdiyi tam təhlükəsizlik zəmanəti ilə birlikdə yarışların uğurla və yüksək səviyyədə keçəcəyini deməyə əsas verir”, – deyə o əlavə edib.

Qeyd olunub ki, Azərbaycan MDB-nin iştirakçı dövlətlərinin, demək olar ki, hamısı ilə ikitərəfli əsasda sıx iqtisadi-ticari əlaqələr saxlayır və bu əlaqələr getdikcə genişlənir.

Baş nazir deyib: “2022-ci ilin yekunlarına görə, Azərbaycanın MDB-yə üzv ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 28 faizdən çox artıb. Müsbət dinamika cari ildə də müşahidə olunur. İlk dörd ayda biz qarşılıqlı ticarəti 22 faiz artırmağa nail olmuşuq”.

Mövcud qlobal geosiyasi çağırışlar fonunda nəqliyyat-tranzit sahəsində əməkdaşlığın aktuallığının artdığı qeyd olunub. Bildirib ki, Azərbaycan regionda əsas nəqliyyat qovşağı kimi nəqliyyat-logistika infrastrukturunu daim təkmilləşdirir və MDB üzrə tərəfdaşlarının ehtiyacları üçün yükdaşımaların artan həcmini təmin etməkdən ötrü öz potensialından daha intensiv istifadə etməyə hazırdır.

Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının mühümlüyü qeyd edilib. Alternativ enerji mənbələri istiqamətində ölkəmizdə dünyanın aparıcı şirkətləri ilə birgə bir sıra iri layihələrin icra olunduğu bildirilib. Eyni zamanda Azərbaycanın “yaşıl enerji” gündəliyi məsələləri üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirməyə hazır olduğu diqqətə çatdırılıb.

İclas iştirakçıları regionda münaqişədən sonrakı vəziyyət barədə də məlumatlandırılıb. Qeyd olunub ki, sülh gündəliyinə sadiq qalan Azərbaycan regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə səyləri davam etdirmək əzmindədir. Azərbaycan işğaldan azad olunan ərazilərin bərpası və inkişafı istiqamətində genişmiqyaslı işlər həyata keçirir.

Məhdud tərkibli iclasdan sonra MDB Hökumət Başçıları Şurası işini geniş tərkibdə davam etdirib.

Sonda bir sıra sənədlər imzalanıb.

Qeyd edək ki, MDB Oyunları ilk dəfə 2021-ci ilin 4-11 sentyabrında Rusiya Federasiyasında – Tatarıstan Respublikasının Kazan şəhərində keçirilib.

Bu ideya 2018-ci ildə Rusiya tərəfindən irəli sürülüb və həmin il MDB Hökumət Başçıları Şurasının Düşənbədə (Tacikistan) keçirilən iclasında dəstəklənib. Oyunların iki ildən bir keçirilməsi qərara alınıb. I MDB Oyunları 2020-ci ilin sentyabrına nəzərdə tutulmuşdu, lakin pandemiya səbəbindən bir il ertələndi.

II MDB Oyunlarının 2023-cü ilin 3-15 avqustunda Belarusun paytaxtı Minskdə təşkili nəzərdə tutulub. İki il sonra isə MDB Oyunlarına Azərbaycan ev sahibliyi edəcək. Oyunlar 14-23 yaş arasında idmançılarin iştirakı ilə 16 növ üzrə keçirilir.