AzMİU-da mərhum tələbə rəssamın sərgisi açılıb

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlıq fakültəsinin mərhum tələbəsi rəssam Leyla Babayevanın xatirə sərgisi açılıb. Sərgidə rəssamın qısa ömür kəsiyində ərsəyə gətirdiyi çox sayda və müxtəlif mövzuda əsərləri nümayiş olunub.

Xatirə sərgisində AzMİU-nun rəhbərliyi, mərhum tələbənin valideynləri, müəllimləri və tələbə yoldaşları iştirak ediblər.

Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova çıxış edərək Leylanın bir ildən də qısa tələbəliyini xatırlayaraq onun yaradıcı ruhu, potensialı və istedadı haqqında danışıb: “Leyla Babayevanın əsərlərinin zənginliyi və say çoxluğu, onun özünə qarşı tələbkarlığı sanki tələsdiyini göstərir. Bəlkə də o bilirdi ki, ömür vəfa etməyəcək və buna görə də sürətlə işləyir, yaradırdı”.

Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, Memarlar İttifaqı İdarə Heyətinin sədri professor Elbay Qasımzadə Leylanın əsərlərinə diqqət çəkərək onun gənc yaşında püxtələşdiyini, peşəkar yaradıcılıq mərhələsinə qədəm qoyduğunu qeyd edib.

AzMİU-nun Mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı, Leylanın fənn müəllimi Sabir Məmmədov mərhumun xarakterik xüsusiyyətlərindən danışıb, onun incə ruha, böyük yaradıcılıq zövqünə və istedada sahib olduğunu vurğulayıb.

Leyla Babayevanın valideynləri sərgiyə görə universitet rəhbərliyinə, Memarlıq fakültəsinin müəllim və tələbələrinə təşəkkür ediblər.

Daha sonra sərgiyə baxış keçirilib. Sərgidə Leyla Babayevanın kətan üzərində yağlı boya ilə çəkdiyi 50-dən çox əsəri nümayiş olunub. Onun gül təsvirləri, tarixi şəxsiyyətlərin portretləri və müxtəlif şəhər mənzərələrini əks etdirən əsərləri xüsusi diqqətlə qarşılanıb.

Sərgidə xüsusi diqqət çəkən digər məqam isə Leylanın tələbə yoldaşlarının hazırladığı “Venesiya guşəsi” olub. Belə ki, mərhum tələbə gələcəkdə Venesiyaya getməyi, orada əsərlər çəkməyi arzulayıb və tələbə yoldaşları şəhəri xatırladan guşə yaradaraq onun portretini həmin guşədə yerləşdirib, Leylanın yarımçıq qalan Venesiya xəyallarını gerçəkləşdirməyə çalışıblar.

Qeyd edək ki, AzMİU-nin birinci kurs tələbəsi Leyla Babayeva uzunsürən ağır xəstəlikdən bu ilin aprel ayında vəfat edib.