Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hacağa Abbasov adına Mədəniyyət Mərkəzində (Sabunçu rayonu Maştağa qəsəbəsi) Vətən müharibəsi şəhidi Raul Zabid oğlu Piriyevin xatirəsi yad olunub.

Şəhid haqqında videoçarx nümayiş etdirilib. Mədəniyyət Mərkəzi Xalq teatrının təqdimatında “Su” adlı tamaşa-kompozisiya təqdim olunub.

Çıxış edənlər Raul Piriyevin qısa həyat və qəhrəmanlıq dolu döyüş yolundan bəhs ediblər. Bədii hissədə şəhidin xatirəsinə ithaf edilən şeir səsləndirilib, mahnı ifa olunub.

Raul Piriyev 4 iyun 1997-ci ildə Şəmkir rayonunun Kür qəsəbəsində anadan olub. 2015-ci ildə Bakı şəhərindəki F.Bayramov adına 22 saylı tam orta məktəbi bitirib. AzTU-nun Dəmir yol nəqliyyatı və təsərrüfatı mühəndisliyi fakültəsinə qəbul olunub və 2019-cu ildə təhsilini başa vurub hərbi xidmətə yollanıb. Xüsusi təyinatlı kimi qulluq edib. Vətən müharibəsi zamanı Murovdağ istiqamətində, Füzuli və Cəbrayıl rayonlarında döyüşlərdə qəhrəmanlıq göstərib. Oktyabrın 13-də Cəbrayıl rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb.

Dövlət başçısının müvafiq sərəncamları ilə Raul Piriyev ölümündən sonra “Cəsur döyüşçü”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” və “Şücaətə görə” medallarına layiq görülüb.