Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində, Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı silsilə tədbirlər həyata keçirir.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə 13-17 iyun tarixlərində Azərbaycan Dövlət Kukla Teatrında “Kukla teatrları həftəsi” təşkil olunacaq.
Tədbirin məqsədi ölkəmizdə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etməkdir.
Tamaşa həftəsində nümayişlər Azərbaycan Dövlət Kukla Teatrının böyük səhnəsində “açıq qapı” formatında reallaşacaq. Məqsəd səhnə nümunələrinin bütün teatrsevərlər üçün əlçatan olmasıdır.
Tamaşa nümayişləri ilə yanaşı, həftə çərçivəsində müasir uşaq ədəbiyyatı, kukla teatrları və onun çağdaş inkişaf tendensiyaları, eləcə də teatr-tamaşaçı əlaqələri ilə bağlı müzakirələr də təşkil olunacaq.
İyunun 13-ü saat 12:00-da “Kukla teatrları həftəsi”nin açılış mərasimi keçiriləcək, qrafikə əsasən, ev sahibi sənət ocağı ilə yanaşı, Naxçıvan, Gəncə, Salyan və Qax dövlət kukla teatrları səhnə işlərini təqdim edəcəklər.
Açılış günündə tamaşaları dəvətnamə ilə izləmək mümkün olacaq. 14-17 iyun tarixlərində nümayiş olunacaq səhnə əsərləri üçün isə ödəniş tələb edilməyəcək.