Şimali Kipr Türk Respublikasının (ŞKTR) Bakı nümayəndəliyi tərəfindən qurumun təhsil və mədəniyyət müşaviri Tevfik Ulualın “Ürəyimdəki Azərbaycan” adlı fotosərgisinin (1 iyun) təşkil olunması barədə xəbər vermişdik. Sərgi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmişdi.

Azərbaycanda fəaliyyətini başa vuraraq vətəninə dönməyə hazırlaşan Tevfik bəy banner formasında foreks üzərinə çəkilmiş dörd fotoəsərini Zəfər Muzeyinin kompleksləşdirilən fondlarına hədiyyə edib. Əsərlər Azərbaycan İstiqlal Muzeyi tərəfindən aktlaşdırılaraq qəbul olunub.

İstiqlal Muzeyindən aldığımız məlumata görə, fotolarda işğal zamanı erməni vandalizminə məruz qalmış Ağdam Cümə məscidi, Şahbulaq qalası, Çörək Muzeyi və İmarət kompleksi əks olunub. Fotoların elektron formatda qorunub saxlanılması məqsədilə onların digital variantları da yaxın günlərdə muzeyə veriləcək.

Tevfik Ulual Azərbaycandakı fəaliyyətini başa vurub geri dönərkən qardaş ölkədə yaradıcılığından bir nümunənin saxlanılmasından məmnunluğunu ifadə edib. O, ölkəmizdə çalışdığı dönəmdə Qarabağ Zəfəri kimi tarixi hadisənin şahidi olmasından danışaraq bunun həyatında böyük bir iz qoyduğunu dilə gətirib.

Lalə