Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi Arxeologiya və etnoqrafiya kafedrasının müdiri dosent Kərəm Məmmədov iyunun 10-da, 58 yaşında vəfat edib. Bu barədə BDU-nun mətbuat xidmətindən məlumat verilib.

Kərəm Hətəm oğlu Məmmədov 22 fevral 1965-ci ildə Gürcüstanın Dmanisi rayonunun Gəyliyən kəndində anadan olub. 1982-ci ildə BDU-nun Tarix fakültəsinə qəbul olunub. 1983-1985-ci illərdə hərbi xidmətdə olub. 1987-ci ildən göndərişlə ali təhsilini Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetində davam etdirib. 1990-cı ildə bu universitetin Tarix fakültəsini antropologiya və etnoqrafiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1995-ci ildən BDU-nun Tarix fakültəsində çalışıb, Azərbaycan və rus bölmələrində "Antropologiya", "Qafqaz xalqlarının antropologiyası", "Qafqaz xalqlarının etnoqrafiyası", "Etnoqrafiya", "Ermənilərin tarixi", "Gürcüstan tarixi", "Antropometriya" fənlərini tədris edib. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. "Antropologiyanın əsasları", "Qafqaz xalqlarının etnoqrafiyası" dərsliklərinin müəllifi, “Ümumi tarix” (9-10-cu siniflər) dərsliyinin həmmüəlliflərindən biridir.

2019-cu ildə BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri seçilib, həmin il "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.