Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında İsa Muğannanın anadan olmasının 95 illik yubileyi münasibətilə virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, sərgidə ədibin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Burada ədəbiyyatımızda özünəməxsus məktəb yaratmış görkəmli nasir, ssenarist, kinoredaktor İsa Muğanna Azərbaycan xalqının yüz illərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə yorulmadan yazıb-yaradan yazıçı kimi təqdim edilib.

Virtual sərgidə ədibin ssenariləri əsasında çəkilmiş filmləri, xarici dillərə tərcümə olunmuş əsərləri, filmoqrafiyası, mükafatları haqqında geniş məlumat verilib. Burada yazıçının “İdeal”, “Məhşər”, “Cəhənnəm”, “İlan dərəsi” kimi kitablarının və haqqında yazılan “İsa Muğanna yaradıcılığı”, “Müstəqillik dövrü Azərbaycan romanı” kimi kitabların, eləcə də “İsa Muğanna zirvəsi”, “Muğanna kimdir?”, “Azərbaycanın Dostoyevskisi – İsa Muğanna” kimi dövri mətbuatda çap olunan məqalələrin biblioqrafik təsviri yer alıb.