Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsman) təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” (#İnsanHüquqlarıAylığı) elan edilib. Aksiya çərçivəsində mədəniyyət ocaqlarında müxtəlif səpkili tədbirlər keçirilir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində  “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqlarının müdafiəsi” adlı tədbir keçirilib.

Bir sıra qurumların nümayəndələri, tələbə və məktəblilərin iştirak etdiyi tədbirdə mərkəzin muzey bölməsində Ulu öndər Heydər Əliyevin büstünün ziyarət olunması ilə başlanıb. Dövlət himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin baş fond mühafizi Nigar Hüseynova açılış nitqində bildirib ki, müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının həyata keçirilmə mexanizmlərinin yaradılması və reallaşdırılması, bu sahədə hüquqi bazanın yaradılması Heydər Əliyevin adı ilə bağlıdır.

Sonra çıxışlar dinlənilib. Bildirilib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Prezident Heydər Əliyevin 1998-ci ilin 18 iyun tarixli sərəncamı ilə təsdiq edilib. Bunu nəzərə alan ölkə başçısı İlham Əliyevin imzaladığı 2007-ci il 18 iyun tarixli sərəncamla hər il iyunun 18-i ölkəmizdə İnsan hüquqları günü kimi qeyd edilir.

Sonda insan hüquqlarının müdafiəsindən bəhs edən film nümayiş etdirilib.

***

Baş idarənin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Ruhulla Axundov adına Mədəniyyət evində ​“İnsan hüquqları aylığı” ilə bağlı tədbir keçirilib.

Tədbirdə bu günün keçirilmə səbəbləri, məqsəd və vəzifələri haqqında məlumat verilib. Ölkəmizdə bu sahədə həyata keçirilən işlərdən söz açılıb.

***

Baş idarənin Zirə qəsəbə Mədəniyyət Mərkəzinin (Xəzər rayonu) təşkilatçılığı ilə Zirə Eko-Parkda “İnsan hüquqları aylığı” çərçivəsində “Qadın və uşaq zorakılığı” mövzusunda seminar keçirilib. Seminarda qadın və uşaqların cəmiyyətdəki hüquqları, məişətdə qarşılaşdıqları problemlərlə mübarizə üsulları, yaşana biləcək çətinliklər barədə bəhs edilib. İştirakçılar mövzu ilə bağlı videoçarx izləyiblər.