Xəbər verdiyimiz kimi, 5-11 iyun tarixlərində Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilib. Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA və digər qurumların dəstəyi ilə gerçəkləşən festival çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən "Qazax ədəbiyyatı günü” keçirilib.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, AYB-nin, AMEA-nın nümayəndələri, Qazaxıstandan qonaqlar iştirak ediblər.

Qazaxıstan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir "Qazax xalqının Türk dövlətçiliyi tarixinə töhfəsi” mövzusunda panel toplantısı ilə davam edib. Festivalın koordinatoru, şair Xəyal Rza, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə meneceri – Qazaxıstan nümayəndəsi Talqat Muxanov çıxış ediblər.

Tədbirdə qazax xalq musiqisi səslənib və qazax ədəbiyyatının klassiki Abayın şeirləri oxunub.

Qazaxıstanlı müəlliflərin qazax və Azərbaycan dillərində kitabları nümayiş olunub.

Sonda qonaqlara müxtəlif milli mətbəx nümunələri təqdim edilib.