Leyla Altunayın sənət yolu haqqında
Sənət sənətkarın özünüifadə tərzidir. O cümlədən təsviri sənətdə müəlliflər öz hisslərini, düşüncələrini müxtəlif ifadə vasitələri ilə tamaşaçıya çatdırmağa çalışırlar. Yeniliyə önəm verən gənc rəssam Leyla Altunayın yaradıcılığı da fərqliliyi ilə hər zaman seçilir.
Ənənəvi bədii standartlardan imtina edərək, xəlqilik ruhunun təfsirinə və improvizasiyaya diqqət yetirən rəssam bəzən qədim ənənələrimizdən, bəzən də aktual dünyadan istinad etdiyi motivləri birləşdirərək, özünəməxsus tərzdə kətan üzərində əks etdirir.
Leyla Muxtar qızı Nəsibova (Altunay) 1981-ci ildə Bakıda anadan olub. 1998-ci ildə Respublika İncəsənət Gimnaziyasını bitirib. 1998-2002-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Təsviri sənət və rəsmxət ixtisası üzrə bakalavr, 2002-2004-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Qrafika ixtisası üzrə magistr təhsili alıb. 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Yaradıcılıq fəaliyyəti ilə yanaşı, rəsm müəllimi, moda və interyer dizaynı sahəsində də fəaliyyət göstərir.
Rəssamın əsərlərində ilk baxış bütün əzəməti ilə kompozisiyanın mərkəzində ilişib qalır, bəzən isə baxış nöqtəsi kətanın üzərində sanki səyahətə çıxaraq, kəşf olunmağı gözləyən kodları deşifrə etməyə və onlardan orijinal bir hekayə qurmağa can atır. Bu zaman kompozisiyada rəssamın xəyal və düşüncələrinin qapıları izləyicilər üçün geniş şəkildə açılır və keçmişin bütün təfərrüatları birdən-birə süjetin məğzində fokuslanır. İntuisiya, anlayış və qavrayış – bu üç fərqli anlayışları bir konsepsiyaya istiqamətləndirən rəssamın bədii yaradıcılığı onun çağdaş düşüncələrinin və mənəvi tələbatının parlaq əksidir. Millilik, Şərq ab-havası, Qərbsayağı minimalizm, nəfis ornamentallıq və dekorativ elementlərə müraciət onun yaradıcılığının bədii-fəlsəfi təməlidir.
Müəllifin mücərrəd kompozisiyaları onun daxili impulsunun əksidir. Sanki bütün duyğu və düşüncələri kətan üzərində hərəkət edir, əsla dayanmaq bilmir. Kompozisiyalarına biomorfik, piktoqrafik və ornamental ünsürlər qataraq bütün bunlardan düşüncə və ideyalarının özəl şifrələri kimi istifadə edir.
Onun yaradıcılıq fəaliyyətində xüsusi rol oynayan, eyzən fikirdə bədii niyyətinin əksinin substansiyasını təmsil edən Orxon-Yenisey mədəniyyəti xüsusilə diqqətəlayiqdir. Türklərin ibtidai tarixini, köklərini özündə ehtiva edən bu mədəniyyətdən ilham alan rəssamın motivlərində, ornamentlərində və mövzu seçimlərində bunu açıq-aydın görmək mümkündür. Rəssam bir çox kompozisiyasında qədim türk yazısına müraciət edir. Leyla Altunay öz imza seçimində də qədim türk əlifbasından istifadə edir. Türklər öz kimliyini əbədiləşdirmək üçün əsrlər boyu mif, əfsanə, Orxon-Yenisey kitabələri, Qobustan qaya abidələri, “Kitabi-Dədə Qorqud”, “Manas”, “Koroğlu”, “Alpamış” kimi eposlar ərsəyə gətiriblər. Bütün bu qədimi nümunələr türkün tarixdəki qüdrətini, təfəkkürünün gücünü özündə əks etdirən önəmli abidələrdir. Daş abidələrin sonsuza qədər məhv olmadan dayana biləcəyi inancına sahib olan qədim türklər onlara “bengu” adını vermişlər. “Bengu” qədim türkcədə əbədi mənasını verir.
Müəllif hər zaman tamaşaçılarına öz rəsmlərinə yaxın baxış nöqtəsindən nəzər yetirməsi üçün şərait yaradır, rənglərin onları tam əhatə etməsinə can atır, bunun üçün müəyyən üsullardan istifadə edir. Hər bir kompozisiyada universal bir dünya kölgələnir. Misal kimi “Antik daraqlar”, “Təbiət”, “Dəvətikanı”, “Hüruf”, “Köhnə çıraq”, “Köhnə xalı”, “Lampa”, “Qıfıllanmış qapı”, “Qayçı”, ”Yeni əhval”, “Ümidin əlləri”, “Şamanın qayığı”, “Qızıl ay”, “Pəncərədən”, “Mexaniki mələk”, “Çin yelpikləri”, “Həyat çiçəyi”, “Kəlağayı” silsiləsi, “Kamal Əhmədə ithaf”, “Balıqlar”, “Hallüsinasiya” və s. əsərləri qeyd edə bilərik.
Kətan üzərində yağlı boya işləri ilə tanınan Leyla Altunayın müraciət etdiyi alternativ texnikalar da var. Müxtəlif materialların üzərində icra etdiyi mürəkkəb tətbiqləri, optik illüziyalar, xüsusi rəng şkalasından istifadə edərək yaratdığı işıq-kölgə oyunları, simvollar, fiqurlar, naxışlar və motivlər onun bədii ifadə tərzindən, üslub seçimindən xəbər verir. Bəzi nümunələrdə rəssamın ekspressiv, təfərrüatlı rəsm üslubunun və yumşaq rəng keçidlərinin olduğu, bir sıra nümunələrdə isə daha səthi və sadə formaya müraciətin üstünlük təşkil etdiyini görmək mümkündür. Bu əsərlər bizə abstrakt ekspressionizmin xüsusiyyətlərini xatırladır. Eyni zamanda onun yaradıcılığında aktual abstraksiya deyil, daha isti, məhrəm, nizamsız, hətta romantik bir ab-hava hiss olunur.
Leyla Altunayın abstrakt və ekspressionist üslubu ilə Azərbaycan rəngkarlığının inkişafında, bədii ifadə dilinin zənginləşməsində özünəməxsus yeri var. Ona yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayır, yüksək enerji və maraqlı təxəyyülünün bədii məfkurəsindən çıxış edərək, hər zaman qəlbən bağlı olduğu incəsənət dünyasına töhfələr verməsini diləyirik.
Nigar Hətəmova
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi