Birləşmiş Ştatlar hökuməti konkret maliyyə planı əsasında yenidən UNESCO-ya qoşulacağı ilə bağlı qərar qəbul edib.

UNESCO-nun baş direktoru Odri Azule bu barədə təşkilata üzv olan 193 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda bildirib. Qeyd edib ki, ABŞ-nin bu qərarı UNESCO-ya və çoxtərəfliliyə güclü etimad aktıdır.

ABŞ Dövlət Departamentindən təşkilatın baş direktoruna ünvanlanan məktubda Vaşinqtonun son illərdə ortaya çıxan problemlərin həll edilməsi, idarəetmənin modernləşdirilməsi və siyasi gərginliyin azaldılmasında UNESCO-nun səylərini alqışladığı qeyd olunub. Vurğulanır ki, təşkilat Yaxın Şərqdə konsensus tapmağa imkan verən vasitəçilik missiyalarına rəhbərlik edib, İraqın köhnə Mosul şəhərinin yenidən qurulması da daxil olmaqla, bir sıra ümumbəşəri əhəmiyyəti olan layihələr həyata keçirir. UNESCO həmçinin süni intellektin etikası və ya okeanın qorunması kimi müasir çağırışlarla tam şəkildə mübarizə aparmağa imkan verən yeni təşəbbüslər irəli sürüb. Nəhayət, 2018-ci ildən həyata keçirilən inzibati islahatlar təşkilatı daha səmərəli və maliyyə cəhətdən sağlam hala gətirib.

Birləşmiş Ştatların təşkilata qayıtması Konqres tərəfindən 2022-ci ilin dekabrında UNESCO-ya maliyyə töhfələrinə icazə verən razılaşma ilə mümkün olub. ABŞ 2011-ci ildə UNESCO-ya maliyyə dəstəyini (üzvlük haqqı) dayandırmış, 2017-ci ildə isə  təşkilatı tərk etdiyini bəyan etmişdi. Birləşmiş Ştatlar tərəfindən təklif olunan maliyyələşdirmə planı təsdiqlənməsi üçün UNESCO Baş Konfransına təqdim edilməlidir. Bəzi üzv dövlətlər bununla bağlı növbədənkənar sessiyanın keçirilməsini xahiş ediblər.