Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ölkəmizdə İnsan hüquqları gününə (18 iyun) həsr edilmiş tədbir keçirilib.

BXA-nın müəllim və şagird heyətinin qatıldığı tədbirdə təhsil ocağının hüquq məsləhətçisi Tofiq Mustafayev çıxış edərək əlamətdar günün tarixi haqqında məlumat verib. Bildirilib ki, insan hüquqları amili hər zaman Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətinin əsasını təşkil edib. Prezident Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə Azərbaycan Respublikasında "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə həmin Dövlət Proqramının təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq konvensiya və sazişlərə qoşulması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması və s. ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.

Sonda şagirdlərin insan hüquqları ilə bağlı sualları cavablandırılıb.