“Azərbaycanın Qarabağ Zəfərindən sonra necə inkişaf etdiyini gördükcə iftixar hissi keçiririk”

 

Türkiyə-Azərbaycan birliyi, qardaşlığı – bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir.

Azərbaycan Prezidenti İlham Əliyev bu fikri iyunun 13-də Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbəsi münasibətilə bir daha təbrik edən İlham Əliyev onun  qısa müddət sonra Azərbaycana səfər etməsinin əhəmiyyətini vurğulayıb: “Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı yol xəritəsi cızır. Əminəm ki, bu səfərdə də belə olacaq”.

“Millətimizin iradəsi ilə yenidən prezident seçildikdən sonra hər zamankı adətimiz üzrə əvvəlcə Şimali Kipri ziyarət etdik, sonra da dərhal Bakıya gələrək Sizinlə bir arada olduq”, deyən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. “Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram”, – deyə o əlavə edib.

Türkiyə Prezidenti iki ölkə arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan müttəfiqlik haqqında bəyannamənin tarixi önəmini qeyd edərək deyib: “Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq”. Türkiyə Prezidenti vurğulayıb ki, Şuşadakı baş konsulluğumuz Ermənistan da daxil olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq.

Qeyd edək ki, dövlət başçıları təkbətək və geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər.

Türkiyənin Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə 20 ildən çox müddətdə böyük və şərəfli yol keçdiyini, dünya çapında böyük güc mərkəzinə çevrildiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu gün biz Sizinlə həm görülmüş işlərə yekun vurduq, eyni zamanda, növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq. Həm təkbətək görüş zamanı, həm də heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir. Yəni, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.

İki gündən sonra biz Şuşa Bəyannaməsinin ikinci ildönümünü qeyd edəcəyik. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması, təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Fürsətdən istifadə edərək Azərbaycan xalqı adından Sizə və qardaş Türkiyəyə İkinci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm”.

Türkiyə və Azərbaycanın bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəyini deyən İlham Əliyev bildirib ki, bu birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır: “O cümlədən bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir. Bu gün, eyni zamanda, müdafiə və müdafiə sənayesi sahələrində gələcək planlar haqqında danışdıq. Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir. Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük”.

Azərbaycan Prezidenti vurğulayıb ki, bugünkü dünyada güc amili ön plana çıxır: “Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü həm bölgədə, həm dünyada daha da artıracaq”.

İki ölkənin ticarət dövriyyəsinin də sürətlə artaraq 6 milyard dollara yaxınlaşdığını diqqətə çatdıran İlham Əliyev bildirib ki, birgə həyata keçirəcəyimiz layihələr, xüsusilə enerji sahəsində işbirliyi bunu daha da artıracaq: “Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq. Bununla paralel olaraq, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük tələbat var. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni, bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq...”.

 

“Zəngəzur dəhlizi bölgədə işbirliyinə müsbət təsir edəcək”

 

Budəfəki görüşdə də nəqliyyat məsələlərinin geniş müzakirə edildiyini deyən Azərbaycan Prezidenti mövcud geosiyasi şəraitdə Orta Dəhlizin önəminin daha da artdığını bildirib: “Bakı Dəniz Limanının imkanlarını 25 milyon tona genişləndiririk. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Biz, eyni zamanda, Zəngəzur dəhlizinin tezliklə açılması haqqında fikir mübadiləsi apardıq, bu məsələni müzakirə etdik. Zəngəzur dəhlizinin açılması qaçılmazdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”.

Prezident İlham Əliyev təhsil sahəsində də əməkdaşlığı qeyd edərək Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son mərhələdə olduğunu deyib: “Yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcəkdir.

Bir sözlə, qeyd etdiyim bütün bu və digər məsələlərlə, – çünki gündəliyimiz kifayət qədər genişdir, – bağlı fikir birliyi, vəhdət, mövqe birliyi var, belə də olmalıdır. Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün, bölgə üçün, Türk dünyası üçün önəmlidir. Əminəm ki, gələcək illərdə bu birlik daha da güclənəcək və bizi yeni uğurlar, yeni qələbələr gözləyir”.

***

Rəcəb Tayyib Ərdoğan Azərbaycana növbəti səfərinin və aparılan danışıqların önəmini vurğulayıb: “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik...”.

Türkiyə Prezidenti müzakirələrin təhsildən enerji sahəsinə, müdafiə sənayesindən təhlükəsizlik məsələlərinədək geniş spektrinə diqqət çəkib: “Hazırda atdığımız və atacağımız addımlardan biri də Türkiyə-Azərbaycan Universiteti məsələsidir. Bu məsələ ilə əlaqədar Ali Təhsil İdarəsinin sədri öz həmkarı ilə bu məsələni bu gün nəzərdən keçiriblər. Bu məsələni də tez bir zamanda həyata keçirərək, İnşallah, Türkiyə ilə Azərbaycan arasında belə bir universitetin qurulmasına nail olacağıq. Beləliklə, azərbaycanlı gənclərimiz Türkiyəyə rahatlıqla gələ biləcəkləri kimi, türk gəncləri də eyni qaydada Azərbaycandakı universitetdə oxumaq şansı əldə edəcəklər.

Bununla yanaşı, ən vacib məsələlərdən biri də məlum olduğu kimi, enerjidir. Enerji sahəsində istər TANAP, istərsə də TAP ilə bağlı illərdən bəri görülən işlər var. Bu işlərin təfərrüatlarını da nazirlərimiz öz aralarında müzakirə etdilər. Həmçinin bununla bağlı bundan sonrakı dövrdə görəcəyimiz işlər müzakirə olundu. Avropa enerji sahəsində, xüsusilə Türkiyə vasitəsilə alacağı qaz məsələsində çox narahatdır. Buna görə davamlı xahişlər edirlər. Bu məsələ ilə əlaqədar biz üzərimizə düşən işi görürük və bundan sonra da həyata keçirməkdə davam edəcəyik.

Bütün bunlarla yanaşı, müdafiə sənayesi sahəsində atılacaq addımlar da böyük əhəmiyyət kəsb edir. Bu sahədə atacağımız addımlarla birlikdə bu işin müdafiə sənayesi hissəsi ilə yanaşı, təhsil məsələsində də üzərimizə düşən vəzifələr var. Bu vəzifələri bu günə qədər necə yerinə yetirmişiksə, bundan sonra da eyni qaydada həyata keçirməkdə davam edəcəyik.

Ən mühüm məsələlərdən biri də xüsusilə hazırda özəl sektorumuzun burada atdığı addımlardır. Şirkətlərimiz kənd təsərrüfatı, heyvandarlıq sahələrində müştərək fəaliyyəti uğurla həyata keçirirlər. Bununla yanaşı, nəqliyyat sahəsində türk podratçı firmaları, həqiqətən də, Azərbaycanda uğurlu infrastruktur layihələrini həyata keçirirlər. Bu, bizi xüsusilə məmnun edir”.

 

“Qətiyyətli olduğun zaman istədiyinə nail olmaq mümkündür”

 

Rəcəb Tayyib Ərdoğan iki il əvvəl imzalanan Şuşa Bəyannaməsinin əhəmiyyətini bir daha qeyd edib: “Şuşa Bəyannaməsinin müddəalarını da, İnşallah, bundan sonra da uğurla həyata keçirməyi davam etdirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik.

Üzərində ən çox çalışdığımız və həssaslıq göstərdiyimiz Zəngəzur dəhlizi məsələsini, İnşallah, sürətlə həll etməyimiz bizə iki mühüm imkanı qazandıracaq. İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlar sayəsində buradan İğdıra, Naxçıvana yolun açılması ilə Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələrin yaradılması Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da güclənməsinə imkan verəcək. Çünki yol mədəniyyətdir. Əgər yolunuz varsa, mədənisiniz. Yolunuz varsa, mədəniyyətə çatmısınız. Əgər yol yoxdursa, heç bir şey yoxdur. Hazırda Azərbaycanın, xüsusilə müharibələrdən sonra infrastrukturla bağlı böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələ yollardır. Bundan əvvəlki səfərimdə də gördüm, bütün tunellər, viaduklar Azərbaycanın Qarabağ müharibələrindən – istər Birinci, istərsə İkinci Qarabağ müharibəsindən sonra necə inkişaf etdiyini ən gözəl şəkildə ortaya qoyur. Biz bunları bilavasitə gördükcə iftixar hissi keçiririk. İyirmi il əvvəlki Bakını düşünürəm və hazırda da Qarabağı düşünürəm. Otuz il ərzində Minsk qrupu vaxt uzatdı və bunun nəticəsini yaşayırıq. Vaxtı çox uzatdılar, addım atmağa imkan vermədilər. Bax, öz göbəyinizi özünüz kəssəniz, addım atarsınız. Sağ olsun, İlham qardaşım bunu bacardı. Millət olaraq bunu bacardınız və indi də bu səviyyəyə gəldiniz. Deməli, məsələ odur ki, qətiyyətli olduğun zaman, inandığın zaman istədiyinə nail olmaq mümkündür. Azərbaycan da bu nəticəyə nail oldu”.

***

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 12-də Bakıya gəlib. Həmin gün axşam  “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib.

Ziyafət konsert proqramı ilə davam edib. Konsert proqramında ölkəmizin tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında Azərbaycanın və Türkiyənin xalq mahnılarından və klassik musiqilərindən nümunələr səsləndirilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak ediblər.

Türkiyə Prezidentinin Azərbaycan Respublikasına dövlət səfəri iyunun 13-də başa çatıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda Rəcəb Tayyib Ərdoğanı dövlətimizin başçısı İlham Əliyev yola salıb.