Heydər Əliyev Fondu ilə Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı Səfirliyinin əməkdaşlığı çərçivəsində Xəzər rayonundan olan Vətən müharibəsi şəhidləri övladlarının Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil edilib.

Mərkəzin direktoru Anar Ələkbərov və ÇXR-in ölkəmizdəki səfiri Qo Min qəhrəman şəhidlərimizin övladları ilə görüşüblər. Uşaqlara Heydər Əliyev Fondu ilə Çin səfirliyinin hədiyyəsi olaraq noutbuklar təqdim edilib.

Sonra şəhid övladları Heydər Əliyev Mərkəzinin binası, buradakı Heydər Əliyev muzeyi, Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif aspektlərini əks etdirən eksponatlar, “Azərbaycan inciləri”, “Mini Azərbaycan” sərgiləri ilə tanış olublar.

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov Çin səfirliyi ilə əməkdaşlıq layihələrindən söz açıb.

Səfir Qo Min Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində bir sıra sosial layihələr həyata keçirildiyini bildirərək bu cür təşəbbüslərə dəstək verməkdən qürur duyduqlarını vurğulayıb.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin Xəzər rayonundan deputatı Rauf Əliyev təşəbbüsə görə Heydər Əliyev Fondunun rəhbərliyinə və ÇXR-in ölkəmizdəki səfirliyinə minnətdarlığını ifadə edib, Azərbaycanda şəhid ailələrinə dövlət tərəfindən hər zaman xüsusi qayğı və diqqət göstərildiyini vurğulayıb.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, “Huawei Azərbaycan” şirkətinin rəhbəri Xu Hui də iştirak ediblər.